EN

Avropada 1-ci olan yığmamızın baş məşqçisinə mükafat təqdim olundu – FOTO

Azərbaycanın gənclərdən ibarət cüdo yığması Estoniyanın paytaxtı Tallində təşkil olunan Avropa çempionatında tarixi nəticə qazanıb.

Prosport.Az xəbər verir ki, yarışa gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın məşqçiləri Elnur İsmayılov və İmamverdi Məmmədovun rəhbərliyi ilə qatılan 16 (9 oğlan, 7 qız) cüdoçu fərdi yarışlarda 4 qızıl, 2 gümüş, 2 bürünc olmaqla 8 medal əldə edib.

Qızlardan Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq), oğlanlardan Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürov (81 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub. Nizami İmranov (60 kq), Aslan Kotsoyev (90 kq) gümüş, Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc mükafata sahib çıxıb. İdmançılarımızdan Xədicə Qədəşova (52 kq) və Ramazan Əhmədov (+100 kq) isə çıxışlarını 7-ci sırada başa vurub.

Beləliklə, Azərbaycan ümumi komanda hesabında 39 ölkə arasında 1-ci yeri tutub. Ölkəmiz, həmçinin oğlanların sıralamasında 1-ci, qızların sıralamasında 2-ci nəticə göstərib. Bu münasibətlə milli yığmamız Avropa Cüdo Birliyi tərəfindən mükafata layiq görülüb. Həmin mükafat baş məşqçi Elxan Məmmədova təqdim olunub. Növbəti dəfə ölkəmizin bayrağı ucaldılıb, himni səsləndirilib.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatında 4 cüdoçumuzun qızıl medal qazanmağı Azərbaycan tarixində bir ilk olub. Bundan əlavə, yüksək performans göstərən qızlarımız 25 illik aradan sonra ölkəmizə bu yarışın qızıl medallarını qazandırıb, 1999-cu ildə qeydə alınan rekordu təkrarlayıblar (həmin vaxt İtaliyanın paytaxtı Romada Nigar Cabbarova və Kifayət Qasımova bu uğura imza atıb).

Onu da bildirək ki, bu gün Avropa çempionatında komanda yarışları keçirilir.

Chosen
96
prosport.az

1Sources