Bu gün Azərbaycan milli komandası Millətlər Liqasının II turunda Slovakiya ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, bu millilər arasında 11-ci qarşılaşma olacaq.
İlk 10 görüşün 8-də rəqib qalib gəlib, digər 2 oyunda isə qələbə millimizin olub. Bu oyunlarda milli komandamız cəmi 7 qol vurmağı bacarıb, əvəzində isə qapısında 21 top görüb.
Birinci qalibiyyətimiz 2001-ci ilə təsadüf edir. Dünya Çempionatının seçmə mərhələsində baş tutan matçı komandamız iki top fərqi ilə üstün başa vurub (2:0). Slovaklar üzərində digər qələbəni isə 2022-ci ildə elə məhz Millətlər Liqasında qazanmışıq. İlk oyunda minimal hesabla məğlub olan millimiz cavab görüşündə 2:1 hesablı qələbəyə sevinib. Millətlər Liqasının 2022/23 mövsümündə Slovakiya ilə eyni qrupda mübarizə aparmış Azərbaycan millisi rəqibini qabaqlayaraq qrupu ikinci pillədə başa vurub və B Liqasına yüksəlməyi təmin etmişdi.
Klub səviyyəsində ölkələr rəsmi qarşılaşmalarda 8 dəfə üz-üzə gəlib və hərəyə 4 qələbə qazanıblar. Son qarşılaşma Konfrans Liqasının II Təsnifat mərhələsinə təsadüf edib. "Zirə" DAK-ı iki oyunun nəticəsinə əsasən "6-1" hesabı ilə darmadağın edib.
Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.