Azərbaycan millisi bu gün Slovakiya yığması ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, yığmanın Millətlər Liqasının qrup mərhələsinin I turunda İsveçə qarşı oyunu Emin Mahmudov və Ramil Şeydayev arasında penalti zərbəsi anlaşmazlığı ilə gündəm oldu. Baş məşqçi Fernandu Santuş penalti zərbələrini vurmağı Emin Mahmudova tapşırsa da, sözügedən oyunda Ramil topu kapitandan alaraq, zərbəni özü yerinə yetirdi və rəqib qapıçının seyvi ilə nəticələndi.
Oyundan sonra baş tutan mətbuat konfransında (5 sentyabr) portuqaliyalı mütəxəssis futbolçulara veriləcək cəza barədə bu sözləri demişdi: "Bu, komanda daxili məsələdir. Sabah bununla bağlı müzakirə aparacağıq".
Slovakiya ilə oyun öncəsi dünən baş tutan mətbuat konfransında Fernandu Santuş bu məsələ (futbolçularla bağlı qərarı) barədə danışmaqdan imtina etdi. Əvəzində millimizin üzvü Toral Bayramov yığmadakı ab-havanın yaxşı olduğunu bildirdi:
"Rəqib son Avropa çempionatında uğurlu çıxış edib. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Bunu bacaracaq gücümüz var. Komandamızda ab-hava yaxşıdır".
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Slovakiya - Azərbaycan oyununda komandadakı gərginliyin qalıb-qalmadığını görəcəyik. Bütün diqqətlər isə Ramil-Emin-Santuş üzərində olacaq.