EN

Məğlubiyyətin gətirdiyi ÜMİD

Azərbaycan millisi Millətlər Liqasında yeni mövsümə məğlubiyyətlə başladı.

Tofiq Bəhramov adına Respublika stadionunda İsveç yığmasını qəbul edən yığmamız meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılmalı oldu.

Bu, Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçisi kimi ilk oyunu olaraq tarixə keçdi.

Bəli, uduzduq.

Amma nə qədər qəribə səslənsə də məğlubiyyət gələcəyə ümid verdi.

Çünki Fernandu Santuş meydana qorxaq heyət buraxmadı.

Startdan sona kimi ultramüdafiə barədə düşünmədi.

Çox sayda baxımlı, kombinasiyalı hücumlara şahidlik etdik.

Hətta 0:3-də belə yığma təslim olmadı.

Öncə fərqi azaltdı, ardınca iki dəfə top qapı dirəyinə tuş gəldi.

Yəni, futbolçular bu qədər özgüvənli idi.

Ramil Şeydayev fasilə ərəfəsində penaldan fərqlənsəydi, bəlkə də hazırda qələbədən danışırdıq.

Ümumiyyətlə, Emin Mahmudovla Şeydayev arasında penal vurmaqla bağlı olanlar biabırçılıq idi.

Əbəs deyil ki, portuqaliyalı mütəxəssis də bu barədə daxili müzakirə olacağını bildirdi.

Bir də Bədavi Hüseynov niyə "Qarabağ"da ehtiyatda qalmasına bu matçda aydınlıq gəldi. Təcrübəli futbolçunun yaş amili öz sözünü əyani göstərdi.

Nöqsanlar var, amma qığılcım daha çox idi.

Ümid edək ki, əcnəbi mütəxəssisin debüt matçında verdiyi həmin qığılcım gələcəkdə böyük partlayışla nəticələnəcək.

Keçici, aldadıcı olmayacaq.

Düzü, yaxın keçmişdə Canni De Byazinin başçılıq etdiyi milli İsveçə 3:0 qalib gəlmişdi.

Amma həmin gün belə bu qədər qol şansına, maraqlı hücumlara şahidlik etməmişdik.

Onda qələbəmiz təsadüfi nəticəyə oxşayırdısa, bu dəfə məğlubiyyətimiz dəqiq təsadüfi idi.

90 dəqiqəlik mübarizə 1:3-ü haqq etmirdi.

Meydandakı futbolun qarşılığı ən azı 1 xal idi.

XANOĞLAN İMANOV

Chosen
143
17
sportinfo.az

10Sources