EN

“Çılğın itləri insanları, səbirliləri isə mina axtarmağa göndəririk” -Sektor müdiri xüsusi təyinatlı hərbi hissədən danışdı

“Vətən müharibəsindən sonra  xüsusi təyinatlı yeni hərbi hissəmiz fəaliyyət göstərir. Onların işi işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsidir”.
 
Bunu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətininin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Müvəssil Allahverdiyev deyib. O bildirib ki, xidmətin kinoloqları minaların aşkarlanmasında iştirak edən itləri yetişdirir:
“Ağdam şəhərində istehkamçılarımız mina axtarma işlərinə cəlb olunublar. Onlar həm özləri  mina axtarır,  həm də robot mina axtaranlardan istifadə edirlər. Bu işdə onlara həmçinin mina axtaran itlərimiz də yardım edirlər.
 
Həmin itlərin yetişdirilməsi ilə məşğul olan xüsusi taborumuz var.  Orada kinoloqlar müxtəlif təyinatlar  üzrə itlər yetişdirirlər. Məsələn, o itlərin bir qismi insan axtarışına, bir qismi mina və digər partlayıcıların axtarışına cəlb olunurlar.
 
Bakı və Abşeron ərazisində təhlükəli və ya partlayıcı maddə tapılan zaman  çevik qrupumuz əraziyə gedir. Bu zaman kinoloji taborun kinoloqları da ora dəvət olunur və xüsusi təlim keçmiş itlər gətirilir. Əraziyə baxış keçirilir. Təyinatı üzrə gətirilən itlər həmin ərazidəki əşyanın təhlükəli olduğunu təsdiq edərsə, ora pirotexniklər yaxınlaşır.
 
Mina axtaran itləri ilk dəfə xarici ölkələrdən Azərbaycana gətirdik. Sonra onlardan törəyən balaları  kinologiya mərkəzimizdəki taborun əməkdaşları yetişdirdi. Bu proses asan deyil, aylarla vaxt aparır.
 
Əvvəlcə itlərin müəyyən reaksiyalarına, səbrinə, özlərini aparmasına baxırlar.  Çılğın itlər mina axtarma sahəsinə uyğun deyil.  Mina axtaran it səbirli olmalı, mina aşkar edərkən oturmalı və ya uzanmalı, kinoloquna məlumat ötürməlidir.  İnsan axtaran it isə hürməlidir”. 
 
Allahverdiyev deyir ki, xidmətin sahəsi genişdir:
 
“Yanğın zamanı insanların təxliyə prosesini də bizim xilasedicilərimiz həyata keçirir.
 
Bəzən deyirlər ki, yanğın söndürənlər gec gəlir və s. Əsla elə deyil. Hadisə yerinə çatana kimi bizə maneələr olur. Xüsusi təyinatlı avtomobilimizə yol verilmir və ya maşınlar düzgün park edilmir, nəticədə xilasetmə avadanlığının olduğu avtomobil  hadisə yerinə yaxınlaşa bilmir. Təbii ki, bu, vaxt aparır. Vətəndaşlar da elə bilir ki, hadisə yerinə gecikirik.  Normativ var, biz onu  pozsaq, cəzalana bilərik”.(musavat.com)
Chosen
150
moderator.az

1Sources