“Real”ın baş məşqçisi Karlo Ançelotti portuqal ulduz hücumçu Kristiano Ronaldonun karyerasında 900-cü qolunu vurmasını şərh edib.
Arena.az xatırladır ki, portuqal ulduz hücumçu UEFA Millətlər Liqası çərçivəsində Xorvatiya yığması ilə A Liqasının 1-ci qrupunun 1-ci tur ev oyununda (2:1) həlledici qolu vurmuş və bu qol Ronaldonun karyerası ərzində 900-cü qol olmuşdu.
“O, böyük peşəkar idi və belə olaraq da qalır. Bütün zamanların ən yaxşılarından biri. Əfsanə, böyük peşəkar və nümunə. O, digər oyunçular tərəfindən yüksək qiymətləndirilən fantastik komanda yoldaşı idi”, – Ançelotti bildirib.
Ronaldo futbol tarixində rəsmi oyunlarda 900 qol vurmuş ilk futbolçu olub. Ulduz hücumçu Lissabon “Sportinq”ində 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 68, Portuqalia yığmasında isə 131 qol vurub. Ronaldo futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və FIFA Klub Dünya Kubokunun ən sərrast futbolçusudur.