EN

Cüdo üzrə Azərbaycan millisi Tallində Avropa çempionu oldu!

Bu gün Estoniyanın paytaxtı Tallində gənclər arasında cüdo üzrə Avropa çempionatının qarışıq komanda yarışları baş tutub.

Arena.az xəbər verir ki, möhtəşəm çıxışı ilə yadda qalan Azərbaycan yığması turnirin qalibi olub.

Millimiz mübarizəyə 1/8 finalda Bolqarıstanla start verib və rəqibini 4:1 hesabı ilə məğlub edib. Növbəti görüşdə cüdoçularımız Türkiyə ilə üz-üzə gəliblər. Təmsilçilərimiz bu dəfə 4:0 hesabı ilə üstün olaraq, yarımfinala vəsiqə qazanıblar. Burada Niderlanddan 4:2 hesabı ilə güclü olan yığmamız adını finala yazdırıb.

Komandaməz həlledici görüşdə Fransa ilə qarşılaşıb. 4:3 hesabı ilə qələbə qazanan millimiz Avropa çempionu tituluna yiyələnib. Finalda Vüsal Qələndərzadə (73 kq), Alan Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) qələbə qazanıblar. Fidan Əlizadə (57 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) isə uduzublar. Nəticədə qalibi müəyyən etmək üçün həlledici görüş keçirilib. Fidan rəqibini məğlub edərək, ölkəmizə qızıl medal qazandırıb.

Xatırladaq ki, cüdo üzrə gənclərdən ibarət Azərbaycan millisi dörd qızıl, iki gümüş və iki bürünc medal qazanaraq Avropa çempionatının fərdi yarışlarında da ümumi hesabda birinci yeri tutmuşdular. Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) Avropa çempionu olmuşdular. Nizami İmranov (60 kq) və Aslan Kotsoev (90 kq) gümüş medalla kifayətlənmişdilər. Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanmışdılar.

Chosen
78
4
arena.az

10Sources