EN

COP29 Azərbaycan Sədrliyinin diplomatik təqdimatı

Dünən COP29 Azərbaycan Əməliyyat Şirkəti Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün iqlim konfransına hazırlıq prosesi və tədbir planları ilə əlaqədar ikinci brifinqini keçirib.

Əməliyyat Şirkətinin mətbuat ofisindən aldı­ğımız məlumata görə, tədbirdə COP29 Azərbay­can Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Azərbaycan Respublikası Prezidentinin Proto­kol xidməti rəisinin müavini Ramin Tağıyev, həmçinin Bakıda rəsmi səfərdə olan UNFCCC Konfrans İşləri Şöbəsinin direktoru Wasim Mir və BMT-nin Təhlükəsizlik departamentinin nü­mayəndəsi Kevin O’Hanlon iştirak ediblər. 

Hibrid formatda təşkil edilən interaktiv bri­finqə Azərbaycanda fəaliyyət göstərən diploma­tik missiyaların rəhbər şəxsləri ilə yanaşı, respub­likamızda akkreditə olunmuş və xarici ölkələrdə yerləşən diplomatik korpusun nümayəndələri də daxil olmaqla, ümumilikdə, 150-dən artıq diplo­mat qoşulub.

Brifinqdə geniş təqdimatla çıxış edən Nərmin Carçalova COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, fərqli istiqamətlərdə aparılan intensiv hazırlıq prosesi, konfransın keçiriləcə­yi Bakı Stadionunda COP29-la bağlı müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və müvafiq inf­rastrukturun qurulması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. N.Carçalova COP29 zamanı bütün rəsmi tədbirlərin keçirilə­cəyi məkan olan Mavi Zonanın, eləcə də müxtə­lif tərəfləri innovativ iqlim yanaşmaları üçün bir araya gətirəcək Yaşıl Zonanın qurulması üzrə irə­liləyişlər barədə ətraflı məlumat verərək, işlərin plana uyğun şəkildə davam etdirildiyini bildirib.

Prezidentin Protokol xidməti rəisinin müa­vini Ramin Tağıyev COP29 çərçivəsində təşkil ediləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlə­rinin Sammitində iştirak üçün Bakıya gələcək dövlət və hökumət rəhbərlərinə, rəsmi heyətlə­rinə şamil olunan imtiyazlar, qarşılama, yerləş­dirilmə və nəqliyyat məsələlərində protokolla bağlı yer alan məqamlara toxunub. O, Heydər Əliyev Beynəlxalq Aeroportunun tədbir zamanı fəaliyyət sxemi, şəhərdaxili nəqliyyatın təmin edilməsi, eləcə də Dünya İqlim Fəaliyyəti Sam­mitinin gündəliyi haqqında diplomatları məlu­matlandırılıb.

Chosen
125
26
xalqqazeti.az

10Sources