EN

Liderin sözü və əməli

Tarixi Çernobbio bəyanatı kontekstində

I MƏQALƏ

2022-ci il, Çernobbio

İki il bundan əvvəl sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The Euro­pean House – Ambrosetti” Beyin Mərkə­zinin “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzulu beynəlxalq Çernobbio Forumu başlamışdı. Azərbay­can Prezidenti İlham Əliyevi İtaliya Prezi­denti, baş naziri və “The European House – Ambrosetti” Mərkəzi tədbirdə iştiraka və orada nitq söyləməyə dəvət etmişdilər. Dövlət başçımız forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasın­da Azərbaycanın rolu” mövzusunda çıxış etmişdi. Bu, adi bir çıxış deyildi, çünki İlham Əliyev enerji siyasəti, təhlükəsizlik və əməkdaşlığın dinamikası ilə bağlı tarixi əhəmiyyətli tezislər irəli sürmüşdü. 

İlham Əliyevin həmin tədbirdəki çıxışı həm də rəsmi Bakının dünyaya mesajları idi. Bəlkə də Qərbdə çoxları Azərbaycan Prezidentinin ifadə etdiyi fikirlərin siyasi və geosiyasi dərinliklərinə varmaq həvə­sində olmadılar. Lakin 2024-cü ildə yenə də Çernobbioda İlham Əliyevin bəyan et­diyi fikirlər onların nə qədər yanıldığını əyani göstərdi. Əlahəzrət faktlar bu fikri təsdiq edir. Öncə, ümumi xarakterli iki məqama nəzər yetirək.

Bir ümumiləşdirmə və bir müqayisə

Bizim üçün əhəmiyyətli olan məqam Azərbaycan Prezidentinin ardıcıl, düşü­nülmüş, şəffaf və aydın strateji məqsədi olan siyasət həyata keçirdiyini Çernobbio konfransları timsalında bir daha göstər­məkdir. Məsələ ondan ibarətdir ki, 2022-ci ildə Azərbaycan Prezidentinin Çernob­bioda apardığı təhlili 2024-cü ildə yenə də Çernobbioda apardığı təhlil incəliyinə qədər tamamlayır. İndi bu cür ardıcıllığı, məntiqi bütövlüyü və xoşniyyətli siyasəti nadir hallarda görə bilirik. Böyük dövlət­lər də daxil olmaqla kiçik və zəif ölkələrin də liderləri bu ardıcıllığı gözləmirlər və ya gözləyə bilmirlər. Bəzən onlardan birinin bu gün dediyini sabah söylədikləri inkar edir. Bunu C.Baydenin də, E.Makronun da, A.Şoltsun da müxtəlif zamanlarda eyni məsələ ilə bağlı dediklərində görmüşük. Kiçik dövlətlərə gəldikdə isə çəkinmədən deyə bilərəm ki, müasir dövrdə Nikol Pa­şinyan kimi ziddiyyətli və qeyri-ardıcıl fəaliyyət göstərən ikinci bir siyasətçi yox­dur. Bu adam o qədər “tələsir” ki, bəzən indi dediyi fikri 2 saat sonra özü təkzib edir. Misallar çoxdur. Ancaq əsas məsələ siyasi-diplomatik baxımdan ondan ibarət­dir ki, bu tip siyasətçilərlə konstruktiv ol­maq mümkün deyildir. 

Ermənistan və Gürcüstan həm ərazicə, həm də təsir dairəsinə görə kiçik dövlət­lərdir. Məsələ daha geniş miqyasda ABŞ, Fransa və Almaniya kimi ölkələrin siyasi liderlərinə gəldikdə çox düşündürücü gö­rünür. Bunun fonunda bir müqayisə apa­raq. 

İtaliya udur, Fransa uduzur

E.Makronun siyasəti Fransa kimi qüd­rətli dövləti geosiyasi turbulentliyin oyun­cağına çevirmişdir. ATƏT-in keçmiş Minsk qrupunun sabiq həmsədri kimi Fransa söz vermişdi ki, Azərbaycan-Ermənistan, Dağ­lıq Qarabağ münaqişəsinin ədalətli həl­lində obyektiv mövqe tutacaq. Emmanuel Makron qeyri-ardıcıl davranışları və yalan vədləri ilə bu mövqeyini alt-üst etdi. Lakin Azərbaycan həmin dövrdə təmkinlə Fransa ilə konstruktiv əlaqələr qurmaq istiqamə­tində fəaliyyətini dayandırmadı. 

E.Makron bu müsbət mesajı ya anla­madı, ya da ciddi hesab etmədi. Hər bir halda bütün imkanları ilə nümayiş etdirdi ki, Fransa obyektiv və tərəfsiz deyildir, Paris, birmənalı şəkildə təcavüzkar Ermə­nistanın yanındadır. Bunun fonunda Fran­sa II Qarabağ savaşından sonra daha da azğınlaşdı. Açıq-aydın İrəvanı dəstəklədi və hətta onu təxribatlara sövq etdi. Eyni zamanda, E.Makron sifətində heç bir səmi­miyyət ifadəsi olmadan haray-həşir saldı ki, vasitəçi olmağa layiqdir. Bununla qey­ri-ardıcıl mövqeyin yeni səhifəsi başladı və rəsmi Bakı Fransa ilə pozitiv əlaqələri qurmağa xeyli şübhəli yanaşmağa başladı. Bakı tam haqlıdır!

Həm də ona görə ki, Fransa qonşusu İtaliyanın davranışları fonunda olduqca qeyri-konstruktiv, qeyri-obyektiv və za­vallı görünür. Bakının çağırışlarını de­mirəm, heç olmasa, İtaliya rəsmilərinin fəaliyyətindən bir müsbət nəticə çıxara bilmədilər və indi də çıxarmırlar. Hətta müəyyən müddətdə Fransanın dikbaş­lığı ucbatından İtaliya ilə münasibətləri gərginləşdi. Rəsmi Brüssel güclə aranı sakitləşdirdi (nə qədər sürəcək?). Məsələ ondan ibarətdir ki, E.Makron İtaliya rəs­mi dairələrinə təhqiramiz yanaşmışdı və Roma cavabını verdi. E.Makron Almani­yanın Kansleri O.Şoltsu da “qorxaq” ad­landırmışdı. Çünki O.Şolts Azərbaycana süni təzyiq etməmişdi və E.Makronun Azərbaycan – Ermənistan danışıqlarında iştirakında israr etməmişdi. 

E.Makronun neqativ enerjisini bir kə­nara qoyaq. Gələk italiyalı tərəfdaşlara. İtaliya Azərbaycanla real olaraq əmək­daşlıq etməyə başlamışdır. Müxtəlif is­tiqamətlərdə bu əməkdaşlıq o dərəcədə irəli getmişdir ki, indi İtaliya Azərbaycan Prezidendinin ifadə etdiyi kimi, Azərbay­canın bir nömrəli ticarət tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi də imzalanmışdır. Bundan başqa, İta­liya Azərbaycan neft və qazının Avropaya nəql olunmasında mühüm məkan rolunu uğurla oynayır. İtaliya Prezidenti Azərbay­cana səfər etdiyi zaman vacib razılaşmalar əldə olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə İtaliyaya rəsmi səfər etmişdir və hər dəfə də irəliyə doğru real addımlar atılmışdır. 

Azərbaycan Prezidenti 2022-ci il Çer­nobbio tədbirində çıxışı zamanı əmək­daşlığın əhəmiyyətli aspektləri haqqında fikirlər səsləndirmişdir. İlham Əliyev demişdir: “Beləliklə, bu, onu nümayiş et­dirir ki, bizim siyasi dialoqumuz olduqca fəaldır və biz ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil edirik. Onlardan biri təhsildir. Dünən biz yalnız enerji və iqtisadi inkişaf məsələləri haqqında de­yil, həm də təhsil barədə danışdıq. Dünən Azərbaycanın Romadakı səfirliyinin bina­sında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş gözəl mərasim təşkil olundu. Azərbaycanın ADA Univer­siteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Poli­texnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Bu, o deməkdir ki, bizim gündəliyimiz çox genişdir”. Azərbaycanın dövlət başçısı fi­kirlərinə davam edərək demişdir: “Əlbəttə, bu mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasəti idi”. 

Bundan sonra bütün dünyanı müsbət mənada silkələyən tarixi Çernobbio bəya­natı gəlir.

Enerji strategiyasının 3 mərhələsi

Bu bəyanat ona görə tarixi və möh­təşəmdir ki, XXI əsrdə ilk dəfə olaraq müstəqil Azərbaycanın enerji siyasətinin həm konkret məzmunu, həm reallaşma mərhələləri, həm də strateji məqsədini Pre­zident İlham Əliyev dünyaya açırdı.

Bəyanatın ana tezisində deyilir: “Bizim enerji strategiyamız mərhələlərə bölünüb”. 

Bu, o demək idi ki, birincisi, Ulu öndər keçən əsrin 90-cı illərində ölkənin enerji strategiyasını müəyyən edərkən hər şeyi zərgər dəqiqliyi ilə nəzərə almışdır ki, se­çilən xətt asbtrakt deyil. Konkret nəticəve­rici mahiyyətə malikdir. Yəni Azərbaycan Respublikası ciddi, təmkinli, xeyirxah və strateji məqsədi aydın olan müstəqil döv­lətdir. Bu dövlət verdiyi sözə tam olaraq əməl etmək niyyətindədir. 

İkincisi, Azərbaycan enerji strategiya­sı sistem mahiyyətlidir. Yəni onun tərkib hissələri arasında bir-birini tamamlayan konkret qaydalara uyğunlaşdırılmışdır. 

Üçüncüsü, Azərbaycanın enerji stra­tegiyası ierarxik reallaşma strukturna və funkisonallığa malikdir. Onun mərhələlərə bölünməsi həmin özəlliyin əyani təzahü­rüdür. Deməli, rəsmi Bakı ardıcıl olaraq hər mərhələni həyata keçirir və nəticəve­rici vəziyyət yaranandan sonra növbəti mərhələyə çəkinmədən və inamla qədəm qoyur. 

Dördüncüsü, Azərbaycanın enerji stra­tegiyası qapalı deyildir və daim yeniləşir, yeni mərhələlər müəyyən edilir. Bu artıq yeni tarixi mərhələnin vəzifələrindən bi­ridir. Lakin ilkin əlaməti artıq məlumdur: “yaşıl enerji”, “bərpaolunan enerji” is­tiqamətində Azərbaycanı “yaşıl ölkəyə” çevirmək! 

Deməli, 2022-ci ilə olan vəziyyətə görə, enerji strategiyasının birinci mər­hələsi Azərbaycanın dünyanın tanınmış enerji şirkətlərini əməkdaşlığa dəvət et­məsi, onlar arasında “Əsrin müqaviləsi” əsasında dəqiq pay bölgüsü aparması və nəqliyyat marşrutlarının müəyyənləşdiril­məsini əhatə edir. İkinci mərhələ “nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır”. Üçüncü mərhələ isə “yaşıl enerji” sfera­sında Avropa İttifaqı ilə əməkdaşlığın baş­lamasıdır. Göründüyü kimi, bu mərhələ müəyyən mənada açıqdır və o, mütləq inkişaf etdiriləcəkdir ki, növbəti mərhələ üçün ciddi əsas yaransın.

Şərti olaraq İlham Əliyevin “Çernob­bio bəyanatı” adlandırdığımız bu para­metrlərin izah edilməsinin tarixiliyi həm də onunla bağlıdır ki, dövlət başçısı məsələyə Avropa İttifaqı ilə razılaşdırdığı bir rəsmi sənəd çərçivəsində baxdığını ifadə etdi. İlham Əliyev 2022-ci ildə Çernobbio bə­yanatında bunu xüsusi vurğuladı: “Ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və mən Av­ropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaş­ma Memorandumunu imzaladıq. Bu, bi­zim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Mən bunu gələcək fəaliyyətimi­zin yol xəritəsi adlandırdım”. 

Deməli, Azərbaycanın Avropa is­tiqamətində seçdiyi yol aydın, dəqiq və konstruktivdir. Rəsmi Roma bunu gördü və adekvat qiymətləndirdi, rəsmi Paris isə görə bilmədi. İtaliya qazandı, Fransa uduzdu. Fransa hələ də uduzmaqda davam edir. Və hətta gözləmədiyi yeni istiqamət­lərdə zərbələr almaqdadır. Məsələn, yeni müstəmləkəçiliyə qarşı mübarizə getdikcə dərinləşir və genişlənir. Fransa dövlətçiliyi strateji cəhətdən uduzur! 

Bu qənaətimiz 2022-ci ildə Çernobbi­oda Azərbaycan Prezidentinə verilən bir sualdan və dövlət başçısının cavabından da aydın görünür. Həmin dialoqu olduğu kimi tədqim edirik: “Sizin dedikləriniz çox önəmlidir. Siz regionda və regiondan kə­narda yeni əlaqələrdən bəhs etdiniz. İtali­ya ilə mədəni, təhsil və özəlliklə də enerji sahələrində əlaqələr inkişaf edir. Növbəti paneldə biz yeni qlobal düzəni müzakirə edəcəyik. Sizin ölkənizin mövqeyi nədən ibarət olacaq?

– Bu, bir çox məsələlərdən asılıdır. Tə­bii ki, yeni qlobal vəziyyətin necə olacağı­nı öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmaya­caq”.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Chosen
115
50
xalqqazeti.az

10Sources