EN

Abzas Media-nın işi üzrə ibtidai istintaq başa çatıb

Bu gün Abzas Media-nın işi üzrə həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalıya ibtidai istintaqın yekunlaşdığı açıqlanıb. Bu barədə jurnalistin yaxınları məlumat verib. 

Elə bu gün işin digər fiqurantlarına istintaqın yekunlaşdığı haqqında məlumat verilib. İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaqlar. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.

* Babalı 2023-cü ilin noyabr - 2024-cü ilin yanvar aylarında Abzas Media-nın işi üzrə həbs edilən altı jurnalist və mətbuat işçisindən (Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Məhəmməd Kekalov) biri idi. Sonradan bu iş üzrə iqtisadçı Fərid Mehralızadə də həbs olunub.

Əvvəlcə onların hamısına CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbit olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin 16-19 avqust tarixlərində jurnalistlərə qarşı daha ağır ittihamlar - CM-in 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə eetməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Bu ittihamlara görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Jurnalistlər bütün ittihamları rədd edir, hakimiyyətin yüksək eşelonlarında korrupsiya  faktlarını araşdırdıqlarına görə təqib olunduqlarını bildirirlər.

Hüquq müdafiəçiləri bütün təqsirləndirilən şəxsləri siyasi məhbus kimi tanıyıblar.

Chosen
109
4
turan.az

5Sources