Yayımlandı: 9 Sentyabr 2024 17:15 “Komissiyaya daxil olan bütün görüntülərə baxılacaq” Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə paylaşılanların araşdırıldığını bildirib. Bu barədə Məzahir Pənahov MSK-nın sentyabrın 9-da keçirilən iclasında söyləyib. Onun sözlərinə görə, ümumilikdə komissiyaya daxil olan bütün görüntülərə baxılmalıdır: “Bəzi görüntülər oxşarlıq təşkil edir. Bunun üçün bütün prosesi əhatə edən əsas görüntülərə baxmaq lazımdır. Ümumiyyətlə, növbədənkənar parlament seçkiləri ilə əlaqədar bütün məntəqələrdəki əsas görüntülərə baxılacaq. Bunların izlənməsi bir gün çəkəcək”. Komissiya sədri sentyabrın 11-də bəzi görüntüləri müzakirə edəcəklərini deyib: “MSK-ya bütün məntəqələr üzrə daxil olan videolar ayrı-ayrılıqda Ekspert Qrupunun üzvlərinə təqdim ediləcək. Çünki kifayət qədər çox görüntü var. Amma bunlara əsasdan başlayaraq baxmaq rahat olacaq”. MSK sədrinin müavini Rövzət Qasımov isə sosial şəbəkələrdə seçki prosesini əks etdirən 508 görüntünün tirajlandığını bildirib. Onun fikrincə, görüntülər 25 seçki dairəsindən 49 məntəqəni əhatə edib. Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü də müşahidə edib. Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etməyə də dəvət etməmişdi. Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir. Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib. Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar. Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib. Meydan TV