EN

1 manatlıq şirkət iki rayonda yolları təmir edir - Cəlilabadla Astarada tender oyunu

1 manatlıq şirkət iki rayonda yolları təmir edir - Cəlilabadla Astarada tender oyunu




"Elnur-2" İstehsalat Kommersiya Şirkəti Astara Rayon İcra Hakimiyyətinin və Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlilabad Şəhər Ərazi Nümayəndəliyinin keçirdiyi tenderlərin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, hər iki qurumun keçirdiyi tender yolların əsaslı təmiri ilə bağlı olub. Astaranın yollarının təmiri 517 483,93 manata, Cəlilabadın yollarının təmiri isə 419 674,79 manata başa gələcək. "Elnur-2" şirkəti bir neçə gün əvvəl də Astara Rayon İcra Hakimiyyətinin yolların təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 186 105,66 manatdır. Bundan başqa, şirkət 2023 və 2022-ci illərdə də Astara Rayon İcra Hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tenderlərin də qalibi olub. Bu tenderlər üzrə satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 1 061 907 manatdır. Beləliklə, aydın olur ki, Astaranın yollarını hər il "Elnur-2" şirkəti təmir edir. Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir. O, 2012-ci ildən bu vəzifədədir. Dövlət satınalmalarının vahid elektron portalındakı elanlardan aydın olur ki, "Elnur-2" şirkəti vaxtaşırı Cəlibabad Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi seçilir. Adətən bu tenderlər yolların təmiri ilə bağlı keçirilir. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir. Bir qədər də "Elnur-2" şirkəti haqqında: Bu şirkət 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 manatdır. Şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. "Elnur-2" İstehsalat Kommersiya Şirkətinin adicə veb-səhifəsinə də rast gəlinmir. Belə bir şirkətin iki rayonda yolları təmir etmək gücündə olduğu inandırıcı görünmür. Şirkətin qanuni təmsilçisi Zaur Abıyevə gəlincə, onun adı "MTN işi"ndə zərərçəkmiş qismində keçir. Zaur Abıyevin ifadələrindən məlum olur ki, o, "Texnikabank"dan 620 000 manat kredit götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılaraq nazirliyə gətirilib. Oranın bir müddət "qonağı" olan Zaur Abıyev sərbəst buraxılarkən kredit götürdüyü pulun üzərindən 200 000 manatın əskik olduğunu görüb. 




Xəbərin oxunma sayı :
82

Chosen
41
48
azfakt.com

10Sources