Varikoz və onun MÜALİCƏSİ
Əvvəlki dövrlərdə varikozun müalicəsi yalnız cərrahi yolla, ümumi narkoz altında aparılırdı. Əməliyyatdan sonra xəstə bir neçə gün ərzində xəstəxanada qalmalı olur, ayaqlarda isə çoxsaylı çapıqlar qalırdı. İndiki zamanda isə, varikozun cərrahi müalicə üsulu xəstəliyin yalnız gecikmiş formalarında tətbiq edilir. Bir də ki, hazırda varikoz xəstəliyinin cərrahi yolla müalicə olunmasının yeni, az travmatik üsulları da işlənib hazırlanmışdır. Varikozun ən çox yayılmış müasir müalicə üsullarından biri – skleroterapiyadır. Bu üsul, kiçik dərialtı venaların genişlənməsi nəticəsində əmələ gələn, qırmızı və ya göy rəngdə olan, damar “torlarından” və “hörümçək torlarından” tam şəkildə qurtulmağa imkan verir. Zədələnmiş kiçik venaya iynə vasitəsi ilə xüsusi maddə yeridilir. Bu maddə xəstə venanı daxildən sanki yapışdırır və nəticədə qan bu venaya daxil ola bilmir. Sonralar bu vena tamamilə sorularaq yox olur. Skleroterapiya proseduranın özü çox vaxt aparmır. O, praktik olaraq ağrısız keçir və ambulator şəraitdə yerinə yetirilir. Proseduradan bir qədər sonra xəstə ayağa qalxıb evə gedir. Kiçik venaların varikoz genəlməsinin praktiki olaraq bütün növəri zamanı skleroterapiyanın müxtəlif üsulları tətbiq edilir. Aşağı ətraflarda olan qırmızı və göy damar “torları” ilə aparılan müalicə üsullarından biri də - termokoaqulyasiyadır. Zədələnmiş sahəyə, özündən kiçikdalğalı axın buraxan, ultranazik iynə daxil edilir. Kiçikdalğalı axının yaratdığı yüksək temperaturun təsiri altında zədələnmiş venalar yapışır və sonra isə yox olurlar. Bu üsul çox sadə olub anesteziya olmadan aparılır. Daha iri venalar zədələndiyi halda, lazer əməliyyatı üsulundan istifadə edilir. Bu əməliyyat zamanı zədələnmiş venaya nazik lazer işıq şüası daşıyıcısı yeridilir. Onun tərəfindən hasil olan lazer şüası xəstə venanı yapışdırır (“lehimləyir”). Belə əməliyyatlar yerli narkoz altında aparılır. Əməliyyatdan 1 saat sonra xəstə ayağa qalxıb evə gedə bilir. Lazer əməliyyatlarından sonra çapıq sahələri qalmır. İri varikoz venaların xaric edilməsi üçün endoskopik əməliyyatdan da istifadə olunur. Minifleboektomiya adlanan və az travmatik olan bu müasir üsuldan, zədələnmiş iri venarıın xaric edilməsi üçün istifadə olunur. Xəstənin sağlamlıq durumundan asılı olaraq, varikozun mülicə üsulu, fərdi şəkildə olmaqla, hər bir konkret halda həkim tərəfindən müəyyən edilir.