EN

"BƏƏ hədəflərini müəyyənləşdirdi, Azərbaycanla əməkdaşlığı... " - politoloqdan İLGİNC şərh

"Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd Əl Nəhyanın sentyabrın 9-da Hindistana səfəri zamanı iki ölkə arasında nüvə enerjisi kimi sektorlarda əməkdaşlığa yol açan bir neçə mühüm anlaşma imzalanıb. İmzalanan sənədlər içərisində ən vacibi Birləşmiş Ərəb Əmirliklərində atom elektrik stansiyasının istismarı və bu stansiyaya texniki xidmət göstərilməsi ilə bağlıdır".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan-2.jpg

Politoloq bildirib ki, həmçinin Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) və “Indian Oil Corporation Limited” arasında saziş imzalanıb və imzalanan anlaşmalar iki ölkə arasında münasibətləri yeni mərhələyə qaldırır:

"Birləşmiş Ərəm Əmirlikləri ilə Hindistan arasında siyasi, ticarət, investisiya, enerji, texnologiya, təhsil və mədəniyyət sahəsində əlaqələr dərinləşib. Bu ilin fevralında Hindistanın baş naziri Narendra Modinin də Birləşmiş Ərəb Əmirliklərinə səfəri olmuşdu. Bu səfər sırasında da 8 saziş imzalanmışdı.

Birləşmiş Ərəb Əmirlikləri son illərdə xarici və investisiya siyasətində fəallıq nümayiş etdirir. BƏƏ 2013-cü ildə Misirdə dövlət çevrilişini, Suriyada Bəşər Əsəd rejiminə qarşı savaşanları, Liviyada vətəndaş müharibəsində tərəflərdən birini dəstəkləyib. BƏƏ keçmiş illərdə İranın bölgədəki siyasətinə qarşı da çıxış edərək, bu ölkənin nüvə proqramının bölgə üçün təhlükəli olduğu qənaətində idi. İki ölkə arasında münasibətlər son illərdə normallaşsa da, BƏƏ ehtiyatlılığı əldən verməyib. Birləşmiş Ərəb Əmirlikləri maliyyə resursları hesabına müxtəlif ölkələrdə iqtisadi layihələr həyata keçirməyə çalışır".

Elxan Şahinoğlu bildirib ki, BƏƏ-nin Azərbaycanla əməkdaşlığı alternativ enerji sahəsində özünü göstərir:

"BƏƏ Hindistanın artan iqtisadi gücündən də istifadə etməyə çalışır. 2021-ci ildə iki ölkə arasında illik ticarət mübadiləsinin həcmi 70 milyard dollara yaxın idi. Yaxın illərdə ticarət mübadiləsinin həcminin 100 milyard dollara çatacağı ehtimal edilir. İki ölkə arasında yaxınlığa xidmət edən əsas amillərdən biri Birləşmiş Ərəb Əmirliklərində böyük hindli diasporunun varlığıdır. BƏƏ-nin əhalisinin təxminən 38 faizini hindlilər təşkil edir".

Xalidə Gəray
Musavat.com

Chosen
147
1
musavat.com

10Sources