Yeni dərs ilinin başlanması təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniazerbaycan.com-a verilən məlumata görə, nazirliyin göstərişinə əsasən, bu sahədə həyata keçirilən qabaqlayıcı tədbirlərin effektivliyinin artırılması məqsədilə sentyabrın 10-dan respublika ərazisində təhlükəsizlik aylığının keçirilməsinə başlanılıb. Oktyabrın 10-dək davam edəcək və “Diqqət, uşaqlar!” devizi altında keçiriləcək tədbirlər çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlərin gücləndirilməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, çatışmazlıqların aradan qaldırılması, xüsusilə maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli işlərin görülməsi nəzərdə tutulur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil qəzalarında uşaqların travma almasının minimuma endirilməsində əhalini, xüsusilə qeyri-hökumət təşkilatlarını, media subyektlərini birgə iştirakçılığa dəvət edir.