Zəngəzur dəhlizi məsələsi yenidən böyük güclərin və region dövlətlərin arasında “nifaq alması”na çevrilib. Həm İran, həm Rusiya, həm də qərb dövlətləri bu kommunikasiya layihəsi ilə bağlı müxtəlif mövqelər səsləndirirlər. Cənub qonşumuz isə daha kəskin mövqe ortaya qoyub. İranın xarici işlər naziri Abbas Araqçı Zəngəzur dəhlizi ilə bağlı danışarkən bildirib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün qırmızı xətt deməkdir və bu, qəbuledilməzdir. O, eyni zamanda, dəhlizlə bağlı Ermənistanın deyil, birbaşa Rusiyanın ünvanına sərt fikirlər səsləndirib.Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirəsi Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarının gündəliyindən çıxarılsa da, Rusiya bu məsələni mümkün qədər aktual saxlamağa çalışır. Rəsmi Moskva bəyan edir ki, dəhliz nəzərdə tutulan qaydada açılmalı və dəhlizə, 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir. Uzun müzakirələrdən sonra belə məlum olur ki, Bakının bu məsələdə üzərində dayandığı yeganə prinsipial məqam Ermənistan ərazisindən Naxçıvana maneəsiz keçidin verilməsidir. Rəsmi İrəvan isə bildirib ki, onlar Azərbaycanla nəqliyyat kommunikasiyalara nəzarət edilməsinə özəl şirkətləri cəlb etmək imkanını nəzərdən keçirir.Ermənistan və Azərbaycan arasındakı danışıqların normal məcrada getdiyi bir vaxtda Tehranın mövqeyinin niyə bu qədər kəskin olduğu sual doğurur. Sərhədlərin toxunulmazlığından danışan Tehran hakimiyyəti 30 il ərzində Azərbaycanın ərazilərinin işğal altında qalmasına niyə etiraz etmirdi? Başqa tərəfdən, sözügedən ərazi Azərbaycanın tarixi ərazisi olsa da, rəsmi Bakı heç bir ərazi iddiası ilə çıxış etməyib. Söhbət ölkənin başqa bir ərazisinə - Naxçıvana sərbəst gediş-gəlişin təmin olunmasından gedir. Həmin ərazidən tranzit zona kimi istifadə olunması nə İran ərazisinə müdaxilə deməkdir, nə də İrana hər hansı qadağa qoyulur. Belə olduğu təqdirdə, İran niyə bu qədər hay-küy salır? Bəlkə bu həşirin arxasında başqa məqsədlər var? Mövzu ilə Pressklub.az-a danışan politoloq Şahin Cəfərlinin sözlərinə görə, İranda son günlər Zəngəzur dəhlizi mövzusunda səslənən sərt bəyanatların səbəbi Rusiya tərəfinin bu mövzunu yenidən aktuallaşdırması ilə bağlıdır:“Putinin Bakıya səfərindən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Ermənistanın Sünik bölgəsindən, yəni Zəngəzurdan keçəcək nəqliyyat kommunikasiyasının açılması barədə razılaşmanı Ermənistan tərəfi sabotaj edir. Aydındır ki, Moskva Zəngəzur dəhlizinin açılmasını və oraya rus əsgərlərinin nəzarət etməsini istəyir. Bu mövqe isə İranda Rusiyanın ünvanına həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə etirazlara və ittihamlara rəvac verdi. İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasının səbəbləri haqqında ikinci Qarabağ müharibəsindən bu günə qədər çox danışılıb. Amma bir daha deyim ki, bu kommunikasıyanın Ermənistanın nəzarətindən kənar dəhliz statusunda həyata keçirilməsi İranın regional geosiyasətdə əlverişsiz vəziyyətə düşməsinə gətirib çıxarır. Yəni bu, İranın regional geosiyasi maraqlarına ziddir”.Müsahibimiz deyir ki, bu dəhlizin açılması ilk növbədə İran-Ermənistan quru əlaqələrinin kəsilməsi deməkdir. Bu halda, dəhliz kimin nəzarətində olacaqsa, İran-Ermənistan quru əlaqəsi də həmin tərəfin iradəsindən asılı vəziyyətə gələcək. İranın Ermənistandan faktiki olaraq təcrid olunması isə onu ümumilikdə Cənubi Qafqaz regionundan da təcrid edir. Çünki bu halda, İranın Ermənistan vasitəsi ilə Gürcüstana çıxışı da bağlanmış olur. Gürcüstana çıxışın bağlanması öz növbəsində İranın Qara dəniz vasitəsi ilə Avropaya çıxışını da bağlayır. Məlum olduğu kimi, İran-Ermənistan-Hindistan-Yunanistan-Bolqarıstanın iştirakı ilə “Qafqaz dəhlizi” adlandırılan bir multimodel nəqliyyat dəhlizi layihəsi mövcuddur. Bu layihə Hindistandan gələn yüklərin İran-Ermənistan-Gürcüstan marşrutu üzrə Yunanıstan və Bolqarıstan limanlarına nəql edilməsini nəzərdə tutur. Zəngəzur dəhlizi bu layihəni də bir növ bloklamış olur. Əlbəttə, İran Azərbaycan vasitəsi ilə Gürcüstana və Qara dənizə, eləcə də Türkiyə vasitəsi ilə Avropaya çıxa bilər, amma Tehran bu məsələdə Bakıdan və Ankaradan asılı vəziyyətə düşmək istəmir. İranın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərində qarşılıqlı etimadsızlıq problemi var.“Ümumilikdə isə İran öz şimal sərhədlərində türk faktorunun güclənməsində maraqlı deyil. Eyni zamanda İran Rusiya ilə kifayət qədər normal strateji tərəfdaşlıq xarakterli münasibətlərə malik olsa belə, o, Moskvanın Cənubi Qafqaza hakim olmasını istəmir. Bunun həm cari geosiyasi və geoiqtisadi səbəbləri ilə yanaşı, həm də tarixi kökləri var. Bizim bölgəmiz bu iki güc arasında tarixi rəqabət meydanıdır” – politoloq deyir.Ş.Cəfərlinin fikrincə, Zəngəzur dəhlizi Rusiyanın nəzarəti altında aşılarsa, bölgədə Moskvanın təsir gücü daha da artmış olacaq. İranın bölgə siyasəti Moskvadan asılı vəziyyətə gələcək. Bundan başqa, Zəngəzur dəhlizi Naxçıvana çıxış məsələsində Azərbaycanın da İrandan asılılığını azaldır, hətta aradan qaldırır. Bütün bu məsələlər ümumi şəkildə İranın maraqlarına təhlükə yaradır. Müsahibimiz hesab edir ki, İranın narazılıqlarının səbəblərindən biri də Rusiyanın İran və qərb arasında gözlənilən dialoqu pozmağa çalışmasıdır: “İran çalışır ki, qərb tərəfdən sanksiya rejimi yumşaldılsın. Eyni zamanda, Tehranda belə fikirlər də var ki, Qərblə davamlı düşmənçilik ölkənin Rusiyadan və Çindən asılılığını artırır. Bu vəziyyəti dəyişmək, təkcə Şərqə deyil, Qərbə də açılmaq lazımdır. Onların fikrincə, qərb texnologiyalarını ölkəyə cəlb etməyə ehtiyac var. Rusiya isə aydındır ki, buna maraqlı deyil. Bu da Tehranda İranın suverenlik hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Rusiyaya qarşı səslənən ittihamların səbəblərindən biri də budur” – deyə, politoloq sonda bildirdi.