EN

Azərbaycanda qadınların hərbi sahədə uğuru niyə azdır? – AÇIQLAMA

Xəbər verildiyi kimi Türkiyədə ilk dəfə olaraq Hərbi, Dəniz, Hərbi Hava Qüvvələri Akademiyasını 3 qadın leytenantın birinciliklə bitirməsi qardaş ölkə ilə yanaşı, ölkəmizdə də geniş müzakirə olunub, alqışlara layiq görülüb.

Bu məqamda belə bir sual yaranır ki, qonşu ölkədə  qadınların hərbi sahədə uğurlar qazanması Azərbaycanda niyə müşahidə olunmur? Həmçinin, bilirik ki, Heydər Əliyev adına Hərbi Məktəbə qadınların qəbulu aparılmır. Bunun səbəbi nədir?

Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Azərbaycanda illər öncə qadınlar hərbi xidmətə çağırılır, xidməti vəzifələrini yerinə yetirirdilər, daha sonra isə qadın hərbiçilərin sayının az olmasıyla bağlı qərar verildi və onların  hərbi məktəbə qəbulu ümumiyyətlə dayandırıldı.

“Təəsüflər olsun ki, bu gün Azərbaycan ordusunda qadın hərbiçilərin sayı çox azdır. Türkiyə ordusunun neçə illik təcrübəsi var, NATO-nun aparıcı ölkələrindən biridir. Buna görə də bu uğurlar təəccüb yaratmır. Bu, nə vaxtsa Azərbaycanda da olacaq. Ancaq dəqiq vaxt deyilə bilməz, çünki bizim qadınlarımız Türkiyə ordusundakılar qədər təcrübə toplamalıdırlar”.

Müsahibimiz deyib ki, ölkəmizdə müdafiə orqanlarında rəhbər vəzifələrdə qadınların sayı azdır:

“Ölkəmizdə qadınlar Daxili Qoşunlar, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və s. kimi müxtəlif qurumlarda təcrübədən keçirlər. Ancaq digər ölkələrlə müqayisədə bizim ölkəmizdə belə qurumların rəhbər vəzifələrində qadınların sayı azdır.  Buna görə də biz Türkiyənin uğurlarına həm sevinirik, həm də ümid edirik ki bizdə də bu istiqamətdə irəliləyiş olacaq”.

Əgər hərbi məktəblərə qadınların qəbulu yenidən aparılarsa, bu hansı istiqamətdə olmalıdır

Ekspert bildirib ki, bu barədə seçim qadınların olacaq, kimisi komandonu, kimisi tibbi kimisi təhsili və s. seçəcəklər:

“Bu sahəyə getmək üçün tərəddüd etmək lazım deyil. Çünki düşünürəm ki, bizim qadınlarımız digər ölkələrin qadınlarından heç də geridə qalmırlar”.

Bilirik ki, ölkəmizdəki hərbçi qadınlar daha çox ofis və yaxud digər işlərdə fəaliyyət göstərir, bəs bununla bağlı hansı addımlar atılmalıdır?

“Hərbi sahədə aktivlikdə kişilər daha çox üstünlük təşkil edir. Ancaq düşünürəm ki, qadınlarımız bu sahəni seçiblərsə, onlara lazımi şərait yaradılmalıdır ki, xidməti vəzifələrini layiqli şəkildə yerinə yetirsinlər”, - deyə ekspert əlavə edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

Chosen
101
bizim.media

1Sources