EN

"20 sentyabr Azərbaycan üçün mühüm tarixi günlərdən biridir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"20 sentyabr Azərbaycan üçün mühüm tarixi günlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, məhz 1994-cü ilin sentyabrın 20-də Ümummilli Liderimizin rəhbərliyi ilə Azərbaycan bütövlükdə onun gələcək iqtisadi strategiyasını müəyyənləşdirən müqaviləyə imza atdı: "Bu, Azərbaycanın neft yataqlarının işlənməsi ilə bağlı müqavilə olsa belə, Azərbaycan iqtisadiyyatının güclənməsi və neftdən əldə edilən gəlirlər hesabına həm qeyri-neft sektorunun inkişaf etdirilməsi, həm sosial təminatın gücləndirilməsinə xidmət edən müqavilə idi.

O vaxt bu müqavilə "Əsrin müqaviləsi" kimi tarixə düşdü. Bu müqavilə Azərbaycanda enerji siyasətinin müasir dövrün çağırışlarına və hədəflərinə uyğun olaraq müəyyənləşdirilməsinə imkan yaratdı. O vaxtla "Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasını müəyyənləşdirməklə yanaşı, həm də Azərbaycan iqtisadiyyatının inkişafı üçün yeni mərhələnin başlanğıcı oldu. Bu, Azərbaycana həm birinci mərhələdə neft sektorunda 20 milyard dollarlıq investisiyanın cəlb edilməsinə, eyni zamanda qeyri-neft sektorunun inkişafı ilə bağlı maliyyə bazasının formalaşdırılmasına xidmət etdi".

"Bu gün "Əsrin müqaviləsi" və Azərbaycanın neft yataqlarının işlənməsi həm də Cənub Qaz Dəhlizinin reallaşması ilə müşahidə olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkədir. Artıq Azərbaycan mavi qazı 10 ölkəyə nəql edilir. Biz hər il Azərbaycan mavi qazının ixrac edildiyi ölkələrin sayının artmasını müşahidə edirik. Bu da ondan xəbər verir ki, məhz əsası 1994-cü ilin sentyabrın 20-də qoyulmuş enerji strategiyası bu gün Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da gücləndirilməsinə xidmət etməkdədir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Chosen
100
sia.az

1Sources