Heydər Əliyev Beynəlxalq Aeroportunda daim açıq, ödənişsiz “WiFi” internet olurdu. İndi onu hansısa səbəbdən kəsiblər.
XALQ.AZ məlumat verir ki, belə bir narazılıq sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Qeyd olunub ki, əvvəl təyyarədən düşəndə “WhatsApp”dan istifadə etmək olurdu, indi onu da kəsiblər. “Yəni beşulduzlu aeroportumuzun sərnişinlərini internetlə təmin etmək imkanı yoxdur?” – deyə şikayətdə vurğulanıb.
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Nərmin Xəlilova oxu.Az-a açıqlamasında problemin olduğunu təsdiqləyib.
“Heydər Əliyev Beynəlxalq Aeroportunda internet bağlantısının təkmilləşdirilməsi məqsədilə avadanlıqların yenilənməsi işləri aparılır. Bu proses sərnişinlərimiz üçün daha dayanıqlı və sürətli internet bağlantısı təmin etməyə yönəlib. Yenidənqurma işləri səbəbindən şəbəkəyə giriş müvəqqəti olaraq fasilələrlə məhdudlaşdırıla bilər”, – deyə N.Xəlilova bildirib.
XALQ.AZ məlumat verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün Terminallarında pulsuz WI-FI istifadə edilməsi elanı aktualdır.
Elanda bilidrilir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün Terminal ərazisində ödənişsiz internet şəbəkəsi təklif edir. Ödənişsiz internet şəbəkəsi bütün ictimai zonalarda, obyektlərdə, kafe və mağazalarda, həmçinin Biznes sinif zallarında mövcuddur. Aşağıdakı təlimatlara riayət etməklə asanlıqla “Baku-Airport-Free-WiFi” internet şəbəkəsinə qoşula bilərsiniz:
Cihazlarda “Wi-Fi”ın açıq olduğundan əmin olun.
“Baku-Airport-Free-WiFi” şəbəkəsini tapın və şəbəkəyə qoşulun.
İstifadə edə bilərsiniz. Siz internetə qoşulmusunuz 🙂
Birinci Terminalda, gediş zonasında internetə çıxışı olan ödənişsiz kompyuter masaları mövcuddur. Hətta internetə yeni qoşulanlar da bu sistemdən asanlıqla istifadə edə biləcəklər. Uçuşunuzdan əvvəl ən son xəbər başlıqlarını izləyə bilər və ya elektron poçtunuzu yoxlaya bilərsiniz (Çap avadanlıqları mövcud deyil.)