EN

Formula 1 Azərbaycan Qran-Prisi: Trasın xüsusiyyətləri və statistika

Azərbaycan paytaxtında Formula 1 yarışlarının keçirilməsi ilə bağlı FOM ilə danışıqlar 2013-cü ildə başlayıb, 2014-cü ilin martında isə ilkin kontrakt imzalanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Qran-Prisinin təşkili ilə dövlət səviyyəsində məşğul olunub ki, bu da layihənin statusunu və onun ölkə üçün əhəmiyyətini göstərir.

Əvvəlcə, bu mərhələ Avropa Qran-Prisi adlanıb. 2012-ci ildə Bakıda “Eurovision”, 2015-ci ildə isə Avropa Oyunları keçirilib və elə həmin il eyniadlı Qran-Pri təşkil edilməli idi, amma onu təxirə salıblar, debüt mərhələsi isə 2016-cı ildə baş tutub.

Birinci mərhələdən sonra təşkilatçılar bu adı dəyişdirib, yarış Azərbaycan Qran-Prisi adlandırılıb və əvvəlcə apreldə, sonra iyunda, yenidən apreldə keçirilib. Bu il isə sentyabrda olacaq.

Hermann Tilkenin memarlıq bürosu tərəfindən layihələndirilən küçə marşrutu tarixi mərkəzdə, Dənizkənarı bulvar və Hökumət evi boyunca, qismən də Köhnə şəhərdə müəyyən edilib.

Bakıdakı tras şəhər yarışlarının ən sürətlisidir, builki təqvimdə dairənin uzunluğuna görə o, yalnız Spa və Ciddədən, döngələrin sayına görə isə Sinqapur və Əbu-Dabidən sonra ikinci yerdədir. O, həmçinin saat əqrəbinin əksinə doğru dönür. Düz yolun sonunda maksimal sürət təxminən saatda 370 kilometrdir.

Konfiqurasiyaya 12-si sola və səkkizi isə sağa olmaqla iyirmi döngə daxildir, habelə onlardan səkkizi 90 dərəcədir. Trasın eni Köhnə şəhərdə yeddinci və səkkizinci döngələr sahəsindəki geniş hissədə 13 metrdən 7,6 metrə qədərdir.

Tras Bakı şəhərinin əksər hissəsi kimi, demək olar ki, tamamilə dəniz səviyyəsindən aşağıdadır - yalnız 13 və 14-cü döngələr dəniz səviyyəsindən bir qədər yüksəkdir.

Bolidlər aşağı səviyyədə sıxma gücünə köklənib, bu, yalnız Monzada azdır, lakin Bakıda təkərləri qızdırmaq üçün yüksək sürətli döngələr yoxdur, ona görə də isti asfaltın üzərində sürətlə hərəkət etmək məqsədilə təkərlərin effektiv işləməsi təmin olunmalıdır. Tras ildə yalnız bir dəfə yarış üçün istifadə olunur, həftəsonu irəlilədikcə, o, tullantı rezin təbəqəsi ilə örtülür və burada tormozlama imkanı yaxşılaşır.

Dairə Neftçilər prospektindən başlayır, birinci sektor dəbdəbəli ərazilərdən keçir, yeddinci döngədən sonra tras Köhnə şəhərə doğru dar və yavaş hissə ilə əvəz olunur, üçüncü sektorda isə 16-dan 20-dək döngələr və sonrakı düz hissə gəlir, oralarda qaz pedalı tam basılı halda ötürülür.

Bakıda təqvim üzrə ən uzun düz xətti (2,1 kilometr) konfiqurasiyaya daxil etməklə son illərdə şəhər Formula 1 mərhələləri ilə bağlı adi stereotipi qırmaq mümkün oldu, bu da küçə yarışlarının ənənəvi çətinlikləri fonunda mövqe uğrunda mübarizə imkanlarını əlavə etdi. Uzun düz yolda əyləclərin soyumağa vaxtı var, bunun ardınca ciddi tormozlama baş verir, burada sürücülər tez-tez təkərləri bağlayır və təhlükəsizlik zonasına doğru irəliləyirlər.

Maraqlı cəhətlərdən biri də odur ki, bolidlər Neftçilər prospektində əks istiqamətlərdə hərəkət edir; 6-cı döngədən 7-yə bir istiqamət və 19-dan 20-yə kimi əks istiqamət xüsusi hasarla ayrılıb.

Memar Hermann Tilke deyir: “Bu, şəhər traslarının ən sürətlisidir, o, tribunalarda və televiziya ekranları qarşısında pərəstişkarlar tərəfindən hiss olunacaq unikal ab-hava ilə tarixi mərkəzdə salınıb. Bakının mədəniyyəti və tarixi bu layihənin əsas hissəsi oldu. Ən çətin məsələ konfiqurasiyanı inkişaf etdirmək idi - mövcud arxitekturadan istifadə etdikləri üçün bu, şəhər magistralları şəraitində həmişə çətindir. Problemlər var idi, lakin təşkilatçılarla birlikdə onları uğurla həll etdik”.

Sebastian Fettel qeyd edir: “Burada 6 kilometrlik dövrə 2,2 kilometr düz hissəyə malikdir və təqvimdə ən uzun olanıdır. Pilotlar saatda 360 kilometr sürət götürür, ardınca 1-ci sola doğru yavaş dönmədən əvvəl intensiv əyləc işə düşür.

Köhnə şəhərin divarları boyunca uzanan çətin yuxarı qalxma sahəsində trasın eni cəmi yeddi metrdir və Formula 1 bolidləri üçün orada çox dardır - sanki iynədən sap keçirməlisən. Oraya iki maşın sığmır, ona görə də kimin birinci keçəcəyini birtəhər razılaşdırmalısan!

Bakıda bolidin döngələrdə trası yaxşı tuta bilməsi üçün qanadların hücum bucağını müəyyən etmək kifayət qədər çətindir, eyni zamanda, uzun müddət tam sürətlə sürdüyümüz düz yollarda kifayət qədər sürətlə, tam qazla hərəkət etməlisən. Düzgün kompromis tapmaq heç də asan deyil”.

Qeyd edək ki, bu dəfə Azərbaycan Qran-Prisi şənbə sprinti olmadan keçiriləcək.

Chosen
95
5
xalqqazeti.az

6Sources