EN

Cəlilabadda dəhşətli qətl: 57 yaşlı kişi ögey anasını döyə-döyə öldürdü

Cəlilabad rayonunda 1967-ci il təvəllüdlü Sabir Əsədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı analığı, 1954-cü il təvəllüdlü Gülgəz Əsədovanı qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sabir 9 may 2021-ci ildə,  saat 19 radələrində birgə yaşadıqları Cəlilabad rayonu Zərbiəlli kəndindəki evin həyətində analığı Gülgəz ilə heç bir əsaslı səbəb olmadan onun özünə məxsus əmlakları qohumlarına verməsini vəfat etmiş atasından qalan əmlakı bölüşdürməsi kimi qəbul edib. 

Sabir Gülgəzin onu və ailə üzvlərini yaşadıqları evdən çıxaracağı kimi fikirləri özündə formalaşdıraraq həmin reallıqda mövcud olmayan, yalnız özünün təxəyyülündə yaratdığı xəyali səbəbləri bəhanə edərək onunla mübahisə edib.
Sabir mübahisə zamanı evin giriş qapısının qarşısında Gülgəzin sol ayağının arxa nahiyəsindən ayaq zərbələri ilə vurmaqla ona xəsarətlər yetirib. Ağır bədən xəsarətləri alan Gülgəzə ixtisaslı tibbi yardımlar göstərilməsinə baxmayaraq o, həmin ilin mayın 27-də qardaşına məxsus fərdi yaşayış evində ölüb. 

Hadisəni törədən Sabirin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 9 may 2021-ci ildə, təxminən saat 19 radələrində yaşadıqları evdə ailə üzvləri ilə birlikdə olarkən Gülgəz Əsədova yenə də o və arvadı ilə danışaraq evdən getmələrini istəyib: “Gülgəz Əsədova çox danışıb, bəzən evin giriş qapısından həyətə çıxaraq evə qayıdıb. Mən və arvadım isə yaşadıqlarım evin həm də bizə aid olduğunu, evdən çıxmayacağımızı, başqa yerə getməyəcəyimizi demişik. Mən doğulduğumdan həmin evdə valideynlərim ilə birlikdə yaşamışam. Həmin vaxt evdə oğlum da olub. Qızlarım isə həmin gün günorta saatlarında evdən çıxaraq Cəlilabad rayonu, Zərbiəlli kəndində yaşayan qardaşım Əyyubun evinə çiyələk məhsulunun yığımı ilə bağlı kömək etmək məqsədilə getmişdilər, həmin gün orada qalmışdılar”. 

Sabiq qeyd edib ki, ögey anası Gülgəzlə aralarında olan mübahisə təxminən 30 dəqiqə sonra qurtarıb: “Həmin ərəfədə evimizə heç kim gəlməyib. Axşam Gülgəz Əsədova yaşadığımız evdə qalıb. Mayın 10-da, saat 07 radələrində yaşadığımız evin həyətində olan tövlədə saxladığımız mal-qaranı otarmaq məqsədilə çıxartdım və Cəlilabad rayonu, Zərbiəlli kəndində yerləşən özümə məxsus ümumi sahəsi 3,76 hektar olan otlaq sahəsinə apardım. Təxminən saat 11 radələrində mal-qaranı otardıqdan sonra yaşadığımız evin həyətinə gətirərək bağladım. Sonra evə daxil olduqda Gülgəzin evdə olmadığını gördüm. Arvadımdan Gülgəzin harada olduğunu soruşdum. O da görmədiyini bildirdi. Həmin vaxtdan sonra Gülgəz bizim yaşadığımız evə qayıtmayıb və mərhumu görməmişəm. Onunla dava-dalaş etməmişəm, onu döyməmişəm, vurmamışam və heç bir xəsarət yetirməmişəm”. 

Sabirin ifadəsinə görə, mayın 27-də Gülgəzin Cəlilabad rayonunun Şükürlü kəndində yaşayan qardaşı Kamal İmanovun evində öldüyünü eşidib: “Gülgəzin mənim  barəmdəki müraciəti yalan və böhtandır, mərhumla münasibətlərimiz yaxşı olmadığından elə bir ərizə və izahat yazıb. Mayın 9-da, saat 19 radələrində mən və arvadım ilə Gülgəz arasında təxminən 30 dəqiqə söz-söhbət və mübahisə olub. Həmin vaxt Gülgəz arasında dava-dalaş olmayıb, onu döyməmişəm. Ona heç bir xəsarət yetirməmişəm. Mayın 9-da Zərbiəlli kəndində yaşadığımıız evin həyətində və ya tövlədə Gülgəzi inək və ya hər hansı heyvan vurduğunu görməmişəm”.

İş üzrə zərərçəkmiş Gülgəzin hüquqi varisi qismində ifadə verən qardaşı Kamalın sözlərinə görə, Gülgəz onun  doğma bacısı olub: “1999-cu ildə bacım Saroğlanla evlənib və onunla birlikdə Cəlilabad rayonu Zərbiəlli kəndində yaşayıblar. 2021-ci ilin fevralında Saroğlan xəstəlikdən öldükdən sonra bacım ilə oğulluğu Sabirin münasibətləri pozuldu. Sabir yaşadıqları evin atasına məxsus olduğunu deyərək bacımın həmin evdə çıxarmağa çalışdı. Bacım isə evdən çıxmadı”. 

Hüquqi varisin sözlərinə görə, mayın 11-də, saat 10 radələrində bacısı oğlu Sabir Qürbətov ona zəng edib və bacısı Gülgəzin ayağının sındığını, onu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına apardığını bildirib: “Mən də Qarazəncir kənd yoluna çıxaraq Sabirin idarə etdiyi avtomobilə oturdum. Avtomobildə bacım Gülgəzi və bacım qızı Xəyalənin olduğunu gördüm. Gülgəzdən ayağının sınmasınının səbəbini soruşdum. Gülgəz  ona məxsus bir baş inəyi və əkin sahəsidəki otu bacısı Xəyalənin oğlunun biçib aparmasına icazə verdiyi üçün mayın 9-da saat 19 radələrində yaşadıqları evin həyətində oğulluğu Sabirin arvadı Ülviyyə ilə birlikdə onunla mübahisə edib, evdən çıxıb getməsini tələb etdiklərini, o isə evdən çıxmayacağını dediyindən, həyətdə Sabirin təpiklə onun sol ayağına vuraraq sındırdığını bildirdi. Xəstəxanada olarkən bacım həkimlərə ayağına inəyin təpiklə vurduğunu bildirdi. Bacıma nəyə görə həkimlərə yalan dediyini, nəyə görə şikayət etmək istəmədiyini soruşdum. Bacım hadisəyə görə utandığını, Sabirin qardaşı Nizaminin Bakı şəhərindən gəlib bu işi yoluna qoyacağını və ona görə də şikayət etməyəcəyini dedi. Sonra da bacımı həkim Firdovsi Abbasovun yanına apardıq. Həkim də ona tibbi yardım göstərərək onun sol ayağının qamış sümüyünün sındığını bildirdi və ayağını əməliyyat edərək baldır nahiyəsinin içərisindən millər qoydu,  ayağını gipslə bağladı.
Müalicənin evdə aparılmalı olduğunu və 1 aydan sonra onu təkrar müayinəyə gətirməyimizi dedi. Bundan sonra bacımı öz yaşadığım evə apardım”. 

Hüquqi varis ifadəsinə əlavə olaraq göstərib ki, bacısı əməliyyat olunarkən bacısı oğlu Sabir mobil telefonu ilə əməliyyatın fotoşəkilini çəkərək Nizamiyə göndərib: “Səbəb isə Gülgəzin vəziyyətin ağır olduğunu bilməsi olub. Bundan sonra Nizami də vəziyyətin gərgin olduğunu başa düşdü. Xəstəxanada olduğum müddətdə Sabir bir neçə dəfə Nizami ilə telefon əlaqəsi saxladı. Sabir Nizami ilə danışan zaman telefonu Sabirin əlindən alaraq Nizamiyə iradımı bildirdim. Nizami isə qardaşı Sabirin etdiyi əmələ görə utandığını dedi. Bacmı evə gətirdikdən sonra Sabir onu vurarkən orada onun arvadı Ülviyyə, oğlu Pərviz, qızları Səbirə və Aytac da olublar. Sabirin qızlarının Gülgəzlə münasibətləri yaxşı olduğundan ona köməklik etmək istəyiblər. Amma Sabir və arvadı onlara mane olub”. 

Kamalın ifadəsinə görə, bacısını yaşadığı evə gətirdikdən bir gün sonra Sabirin qardaşı Nizami onun evinə gəlib, baş vermiş hadisəyə görə bacısından və ondan üzr istəyib: “Nizami Sabirlə barışmağımızı xahiş edib. Lakin sonra Nizami bacım ilə maraqlanmadı. Bacımın ayağında ağrıların şiddətləndiyini gördüm və onu yenidən həkim müayinəsinə aparmaq qərarına gəldim. Mayın 16-da oğlum Cavidə zəng edərək bacımın ayaq sümüyünün sındığını və onu həkimə aparmaq lazm olduğunu dedim. Həmin vaxta kimi Cavid baş vermiş hadisədən məlumatı olmayıb. Bundan sonra Cavid Gülgəzə hüquq-mühafizə orqanlarına məlumat verməli olduğunu dedi. Gülgəz əvvəlcə buna razı olmasa da, sonra Nizamigilin onunla maraqlanmadıqlarından bizimlə birlikdə Cəlilabad Rayon Polis Şöbəsinə getdi. Orada Gülgəz yeriyə bilmədiyindən, şöbənin təhqiqatçısı gələrək avtomobildə bacımdan şikayət ərizəsi və izahat aldı. Həmin gün  Biləsuvar xəstəxanasında Firdovsi həkimin yanına getdik. Həkim bacıma baxdıqdan sonra evə qayıtdıq. Sonra da bacımın vəziyyəti daha da ağırlaşdı”. 

Kamal qeyd edib ki, mayın 16-da, axşam bacısı oğlu Sabir Qürbətov onun evinə gələrək Nizaminin ona zəng etdiyini və Gülgəzlə danışmaq istədiyini bildirib, telefonu Gülgəzə verib: “Nizami qardaşı Sabirin onun ayağını sındırması ilə bağlı şikayət etməsinə görə ona narazılığını bildirdi. Bundan sonra Gülgəzin vəziyyəti tamamilə pisləşdi. Mayın 27-də, saat 12 radələrində Gülgəz evimdə öldü. Bacım öldükdən sonra Sabir Əsədov cinayət məsuliyyətindən yayınmaq üçün özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini 2500 manata 5 illik icarəyə verdi, özünə məxsus 9 baş iribuynuzlu heyvanları satdı. Bacımı Sabir heç bir günahı olmadan öldürüb”. 

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sabir Əsədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Aprellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsi, Sabir Əsədovun barəsində bəraət hökmünün çıxarılması istənilib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən də apellyasiya şikayəti verilib. Zərərçəkmiş tərəf isə təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib. 

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilməyib.

Təqsirləndirilən şəxs və onun müdafiəçisinin şikayəti qismən təmin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, onun cəzası 9 ilə endirilib. 

Fariz Məlikli
Demokrat.az
Chosen
164
44
demokrat.az

10Sources