EN

Tanınmış ekspertdən elektromobil almaq istəyənlərə vacib TÖVSİYƏ

Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə görə, 2017-2023-cü illərdə Azərbaycana 4 236 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib. Ökəyə elektrikli nəqliyyat vasitələrinin idxalı 2017-ci ildə 88 ədəd, 2018-ci ildə 101 ədəd, 2019-cu ildə 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə 160 ədəd, 2022-ci ildə 486 ədəd, 2023-cü ildə 3 102 ədəd təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə ölkəyə 1 792 elektrik mühərrikli nəqliyyat vasitəsi gətirilib.

Bəs elektromobillərin çoxluğu bazara necə təsir edir?

Nəqliyyat eksperti  Eldəniz Cəfərov Redaktor.az-a açıqlamasında ölkəmizə ən çox gətirilən minik avtomobillərinin növündən danışdı:

"Bu gün bizim ölkəmizə gətirilən minik avtomobillərinə nəzər salsaq görərik ki, ilk yerdə benzin yanacağı ilə çalışan avtomobillərdir, daha sonra hibrid mühərrikli avomobillər gəlir, hansılar ki, benzin və elektrik mühərriki ilə çalışır. Üçüncü yerdə dizel mühərrikli avtomobillərdir. Dördüncü yerdə isə elektromobilləri qeyd edə bilərik. Bu, o deməkdir ki, bizim ölkəmizdə elektromobillər hələ populyar deyil, lakin bu avtomobillərə böyük maraq var. Ölkədə təxminən 5 min civarında elektromobil var və 300-ə yaxın enerji doldurma məntəqəsi var".

Ekspertin fikrincə, elektromobillərin ölkəmizə idxalının artmasını müsbət dəyərləndirmək olar, çünki bu avtomobillər ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri sayılır və onların ölkəyə idxalı dövlət tərəfindən stimullaşdırılıb:

"Belə ki, ölkəyə idxal olunan yeni elektromobillər vergidə də, gömrükdə də bütün rüsumlardan azad edilib. Bu da sahibkarlara imkan verir ki, belə nəqliyyat vasitələrini ölkəmizə gətirsinlər, çünki onlar üçün daha sərfəlidir. Eyni zamanda rüsumlardan azadolmalar ölkə daxilində belə nəqliyyat vasitəllərinin qiymətinin sabit qalmasına şərait yaradır və onları vətəndaşlar üçün əlçatan edir.

Növbəti mərhələdə elektromobillər üçün lazım olan infrastrukturun qurulması idi. Ona görə də enerji doldurma məntəqələrinin yaradılması üçün lazım olan cihazlar, avadanlıqlar bu rüsumlardan azad edildi ki, sahibkarlar bu biznesdə maraqlı olsular və ölkədə enerji doldurma məntəqələrini təşkil etsinlər. Artıq enerji doldurma məntəqələrinin sayının getdikcə artdığını görürük". 

Eldəniz Cəfərov qeyd etdi ki, elektromobillərin avtomobil bazarında olmasının bazara xüsusi təsiri yoxdur:

"Digər nəqliyyat növləri kimi onlar da idxal olunur və sərbəst satılır. Sadəcə yaxşı olardı ki, vətəndaşlar elektromobil alarkən xüsusi diqqət yetirsinlər. Yəni bizim ölkəmizdə fəaliyyət göstərən rəsmi servis mərkəzlərindən, rəsmi dilerlərdən həmin avtomobilləri alsınlar ki, zəmanəti olsun. Onu da əlavə edim ki, vətəndaşlar özləri bir-iki ilin avtomobillərini ikinci əl olaraq xaricdən gətirə bilərlər. Sadəcə araşdırıb baxsınlar ki, sırf həmin markanın, modelin bizim ölkəmizdə servisi mövcuddur, yoxsa yox. Əgər deyilsə, o zaman belə avtomobillləri alıb ölkəmizə daşımasınlar. Diqqət yetirsinlər ki, bizim ölkəmiz avtomobil seqmentində Avropa spesifikasına aiddir, elektromobillər də, hibrid avtomobillər də Avropa standartına cavab verməlidir. Çalışsınlar ki, Avropa üçün istehsal olunuş nəqliyyat vasitələrini alıb ölkəyə gətirsinlər".

Sevinc İBRAHİMZADƏ

Chosen
101
3
redaktor.az

4Sources