EN

Revanşizmə sürüklənən dövlət - USAİD Ermənistanı pulla ələ alır

Milli.Az report-a istinadən Azər Nuriyevin yazısıı təqdim edir

Amerika Birləşmiş Ştatları uzun illərdir tabeliyində olduğu, idarə etdiyi təşkilatlar, qurumlar vasitəsilə müxtəlif ölkələrdə sabitsizlik və xaos toxumu səpməkdədir. Konkret olaraq, onun Azərbaycanla Ermənistan arasında yaşananlarla bağlı tutduğu riyakar mövqe buna parlaq nümunədir.

Düzdür, Qarabağda Azərbaycanın apardığı azadlıq müharibəsindən sonra Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində müəyyən addımlar və təşəbbüslərlə çıxış etsə də, mövqeyində tez-tez dəyişikliklərə də rast gəlinir. Bu, Ermənistanın birtərəfli qaydada dəstəklənməsi, onun silahlandırılması, separatçıların tör-töküntülərinin müdafiə olunmasıdır. Bu sırada ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) də xüsusi seçilir. Agentlik Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracaq. Məlumata görə, vəsaitlər demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək.

Təbii ki, qeyd olunanlar sadəcə açıqlananlardır.

USAİD-in maliyyə dəstəyi əslində Qərbin qonşu ölkəyə irimiqyaslı dəstəyinin bir hissəsidir və bu riyakar planın əsası bu ilin aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşündə qoyulub. Qeyri-şəffaf, qeyri-inklüziv xarakter daşıyan bu görüş Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmadı. Təsadüfi deyil ki, Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qəti şəkildə bildirib.

Üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlərlə bağlı ABŞ tərəfi ilə müzakirə aparılıb. Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Maraqlıdır ki, Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da, sonradan atılan addım bunun tam əksini ortaya qoydu. Və bunları faktlarla sübuta yetirmək mümkündür. "Eagle Partner 2024" adlı Ermənistan-ABŞ birgə təlimləri buna misaldır.

Qeyd edək ki, ötən ilin sentyabrında "Eagle Partner" təliminin birincisi keçirilmişdi, bu il isə ikincisi keçirildi. Şübhəsiz ki, məqsəd qısa müddətdə böyük hərbi uğur əldə etmək yox, ABŞ-Ermənistan siyasi birliyini, Vaşinqtonun bölgədəki fiziki varlığını göstərməkdir. Təlimin digər məqsədi ABŞ-nin Rusiya və İrana Ermənistandan əzələ nümayişi, barmaq silkələməkdir.

ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqla yanaşı, Ermənistandakı revanşist qüvvələri qızışdırmağa çalışır. Militarizasiya, yeni hərbi kampaniyaya həvəsləndirmək, bu ölkədə revanşist meylləri gücləndirmək hədəf götürülüb.

Maraqlıdır ki, Birləşmiş Ştatlar bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan edir, digər tərəfdən də İrəvanla hərbi təlimlərə start verir. Ermənistan 44 günlük müharibə və 2023-cü ilin sentyabrın 19-20-də keçilən antiterror əməliyyatları ilə Azərbaycan tərəfindən məğlub duruma salınıb. Azərbaycan 30 illik işğala son qoyaraq torpaqları üzərində suverenliyini bərpa edib. Hər kəsə də bəllidir ki, İrəvanın hələ uzun müddət müharibə aparmağa nə resursu, nə də imkanı var. Bəs bu hərbi təlimlər nəyə xidmət edir? Səbəb bəllidir -ABŞ hər vəchlə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır.

İkincisi, məhz 5 aprel görüşündən sonra Ermənistanın operativ şəkildə İrəvan hava limanından Rusiya sərhədçilərinin çıxarılması, daha sonra isə ABŞ təyyarələri ilə Ermənistana silah və hərbi heyət göndərilməsi və onun Zəngəzurda yerləşdirilməsinə başlanıldı. Digər yandan isə Rusiyanın 102-ci bazasının ölkədən çıxarılması gündəmə gəldi. Bundan əlavə, Ermənistanın baş nazirinin qorunmasını ABŞ-nin xüsusi xidmət orqanlarının həyata keçirilməsi iddiaları səsləndi, Ermənistanın KTMT-dən çıxacağı barədə fikirlər aktuallaşdı.

Faktiki olaraq, Ermənistan ərazisində Fransa və ABŞ-nin nümayəndələri var. İlk növbədə, onu deyə bilərik ki, hərbi fəaliyyətlər və keçirilən təlimlər həmin siyasətin davamı və uzantısıdır. Dolayısı ilə təlimin keçirilməsi Ermənistanın Rusiya ilə strateji müttəfiqliyinə son qoymaq istəyi, yeni müttəfiqlər və strateji ortaq axtarışlarının nəticəsidir.

Bir tərəfdən sülh çağırışı edən Amerika o biri tərəfdən belə addımlar atmaqla bir daha təsdiq edir ki, səsləndirdiyi bəyanatlarda səmimi olmayıb. Otuzillik mövqeyində qalmaqdadır. Bu mövqe də işğalçının yanında olmaq və münaqişlərin dondurlmuş vəziyyətdə saxlanılmasıdır.

O ki qaldı USAİD-ə, Erməönistana yardımların həcmini artırması təsadüfi deyil. Məsələn, USAİD direktoru Samanta Pauer "X" hesabında Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını "məcburi köç" adlandırıb. Samanta Pauerin hazırda Azərbaycanda həbsdə olan Qarabağ separatçılarının nümayəndəsi, milyarder Ruben Vardanyanla olan əlaqələrinə gəldikdə, bunu o, ilk dəfə Azərbaycan istintaq orqanlarına verdiyi ifadəsində etiraf etmişdi. Vardanyan etirafında Donetsk separatçısı, hazırda Rusiya Dövlət Dumasının deputatı olan Aleksandr Borodayın bilavasitə onun tərəfindən maliyyələşdirildiyini demişdi.

USAİD-in rəhbəri Samanta Pauerin Vardanyanla yaxın təmaslarının təfərrüatı da Azərbaycan tərəfinə məlum olmuşdu. Belə ki, ABŞ administrasiyasının əsas fiqurlarından sayılan Samanta Pauer Ukraynada separatçıları maliyyəşdirən Ruben Vardanyanla nəinki əməkdaşlıq edib, hətta erməni milyarderin "soyqırıma məruz qalmış ermənilər"ə yardım etmək məqsədilə yaratdığı "Avrora" təşkilatının 1 milyon dollar dəyərində mükafatını da alıb.

Yuxarıda qeyd olunanları ABŞ-nin Qafqaz regionunda geosiyasi sərhədlərinin çəkilməsi kimi qiymətləndirmək olar. Qərb ölkələrinin regionda Ermənistanı öz bastionuna çevirmək istəyi görünür. Fransa tərəfindən Ermənistana göstərilən hərbi və siyasi dəstək bilavasitə Vaşinqtondan koordinasiya edilir. 30 il Azərbaycanın torpaqları işğal altında olanda ABŞ Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını hazırda Ermənistanın "sərhəd toxunlumazlığı" qədər xatırlamırdı.

Sonda daha bir mühüm məsələni yada salmaq istərdik. Bəli, ABŞ Ermənistana milyonlar ayırır, ona hərtərəfli dəstək verir. Lakin unudur ki, müttəfiq seçdiyi xalq və dövlət üçün heç bir dəyər mövcud deyil, Yəni sonda belə ola bilər ki, Ermənistan elə Rusiya orbitində qala da bilər. İtirən isə ABŞ olacaq. Belə ki, yaratdığı gərginliyə görə regionda heç bir dövlət onunla sıx əməkdaşlıq etməkdə maraqlı olmayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
50
5
milli.az

6Sources