EN

Palatası: Bəzi büdcə xərcləri proqnozdan əhəmiyyətli dərəcədə kənarlaşıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin bəzi bölmələri üzrə xərclər müvafiq dövrün proqnozundan əhəmiyyətli dərəcədə kənarlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hesablama Palatasının büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir.

Sənədə əsasən, bunlar ümumi dövlət xidmətləri, Müdafiə və milli təhlükəsizlik, Təhsil, Sosial müdafiə və sosial təminat, Mənzil və kommunal təsərrüfatı, Əsas bölmələrə aid edilməyən xidmətlərdir.

Hesabat dövründə dövlət əsaslı vəsait qoyuluşu xərcləri cari ilin ötən dövründə 937,3 milyon manat və yaxud ilkin təsdiq edilmiş illik məbləğin 37,8 %-i, yenidən baxılmış məbləğin isə 28,8 %-i qədər icra edilib. Baxılan dövr ərzində 24 sifarişçi təşkilat üzrə 144 layihə üçün nəzərdə tutulmuş 701 milyon manat vəsaitin ödənişinə başlanılmayıb, 13 sifarişçi təşkilata isə birinci yarımil ərzində ümumiyyətlə vəsait ödənişi həyata keçirilməyib. Bundan əlavə, 6 ayın sonuna olan məlumatlara əsasən əsaslı vəsait qoyuluşu üzrə 94,5 milyon manat bölüşdürülmədən ehtiyat kimi saxlanılıb.

İnzibati təsnifat üzrə bəzi istiqamətlərdə (21 fəsil üzrə təxminən 1 milyard manat) vəsait nəzərdə tutulmasına (ilkin təsdiq edilmiş) baxmayaraq kassa icrası həyata keçirilməyib.

Qabaqcadan ödənişlər ilin əvvəli ilə müqayisədə artmaqla əhəmiyyətli rəqəmlə (5,6 milyard manat) ifadə edilib. Xərclərin əsas hissəsinin ilin ikinci yarısında icrası gözləntiləri bu məbləğin il sonuna doğru bir qədər də yüksəlmə ehtimallarını formalaşdırır. Belə ki, ilin sonuna xərclərin 39,7 milyard manat icra gözləntisi, növbəti aylarda orta hesabla hər ay xərclərin 3,95 milyard manat icrasına zərurət yaradır ki, bu da il sonuna qabaqcadan ödənişlərin və yaxud xəzinədənkənar hesablar üzrə qalıqların artmasına səbəb ola bilər.

6 ayın göstəricilərinin təhlili xərclər üzrə orta aylıq icranın 2,7 mlrd. manat təşkil etdiyini göstərir. Əvvəlki illər üzrə xərclərin icrasının təhlili göstərir ki, vəsaitlərin bir hissəsinin iqtisadiyyata ötürülməməsi və yaxud iqtisadiyyat tərəfindən mənimsənilməməsi dövlət büdcəsinin icrasına aid edilən xərclərin bir hissəsinin bank hesablarının qalıqlarında qalmasını şərtləndirib.

Chosen
54
4
bakivaxti.az

5Sources