“Rus pravoslav kilsəsi həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Əgər lazım gələrsə, biz azad olunmuş ərazilərdə dağıdılan dini məbədlərin bərpasına öz köməyimizə əsirgəmərik”.
APA xəbər verir ki, bunu Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) Gəncədə Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin 137 illiyi ilə bağlı tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, heç bir müqəddəs məkan dağıdılmamalıdır: “İndi dayandığımız tikili 160 ilə yaxındır ki, bu qədim torpaqdadır və yaxın zamanda Azərbaycan hökumətinin dəstəyi ilə təmir olunacaq. Bu, onu göstərir ki, Azərbaycan millətlərin inancına və dininə nə dərəcədə hörmət və həssaslıqla yanaşır. Biz yer üzündə yaşayan pravoslavlar Azərbaycana minnətdarıq, dua edirik ki, uca Allah hər bir kəsə xeyir-dua versin. Biz sülh və əmin-amanlıq içində yaşayıb uşaqlarımızı böyüdə bilək və gələcəyimizin qayğısına qalaq”.
Din xadimi qeyd edib ki, Bakı Yeparxiyasının bütün kilsələri başqa inanclara hörmət edən hər kəsin üzünə açıqdır: “Biz pravoslav xristianları olaraq dövlətlərin dinlərarası münasibətlərin möhkəmləndirilməsi üzrə apardığı siyasəti yüksək qiymətləndiririk”.
Xatırladaq ki, qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsində həmin bölgədə yaşayan 200-ə yaxın pravoslav inanclı insan ibadət edir. Kilsə 1887-ci ildə inşa edilib və günümüzə qədər qorunub saxlanılıb.