EN

Vətəndaşdan rüşvət alan vəkil həbs edildi

Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlunun qanunsuz əməlləri barədə toplanmış materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanmışdır.

Baş Prokurorluğu ilə Vəkillər Kollegiyasından "Unikal"a verilən məlumata görə, istintaq tədbirləri ilə vəkil Babək Rzayevin muxtar respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib almasına əsaslı şübhələr əldə edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Həmçinin, Vəkillər Kollegiyası tərəfindən vəkil barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır və onun davranışına  hüquqi qiymət veriləcəkdir.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətin törədilməsində hər hansı şəkildə iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Chosen
127
50
unikal.az

10Sources