Dövlət Gömrük Komitəsi Azərbaycanın şüşə istehsalçısı və ixracatçısı “Azerfloat” Qapalı Səhmdar Cəmiyyətinə cərimə yazıb.
İqtisadiyyat.az xəbər verir ki, DGK şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə işi hakim Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.
Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Burada “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
Qeyd edək ki, “Azerfloat” QSC İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. Şirkət İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində alman texnologiyası əsasında müxtəlif çeşiddə, rəngli və şəffaf şüşə vərəqələrin istehsalını həyata keçirir. “Azerfloat” İngiltərə, İspaniya, Hollandiya, Polşa, Türkiyə, İsrail, Ukrayna, Gürcüstan, İrlandiya və Rusiyaya şüşə ixrac edir.