EN

Alkoqolizmdən əziyyət çəkən tanınmış azərbaycanlı futbolçu ilə 15 dəqiqə - SƏMİMİ SÖHBƏT

Oxuyacağınız müsahibəni indi yox, bir neçə ay əvvəl ixtiyarınıza verməliydim.

Sadəcə, səhhətində qəfil baş qaldıran problemlər, ardınca müalicə və bərpalar vaxtımızın böyük hissəsini aldı.

Vadim Vasilyev artıq xeyli vaxtdır spirtli içkilərdən uzaqdır. Müalicəsini ev şəraitində davam etdirir, həkimlərin məsləhətlərini yerinə yetirir.

Söhbətimiz millinin İsveç və Slovakiyaya məğlubiyyətlərindən sonraya təsadüf etdiyindən, Azərbaycan yığmasının sabiq hücumçusu ilə müsahibənin əsas hissəsini məhz bu mövzuya həsr etdik.

- Səsindən əvvələ nisbətən yaxşı olduğunu hiss edirəm.

- Şükür, indi yaxşıyam. Fizioterapiya kurslarına gedib-gəlirəm, müalicəni davam etdirirəm.

- Ev şəraitindəsən?

- Hə-hə, xəstəxanalıq heç nə yoxdur. Yoxlanışlara gedirəm, qayıdıram evə.

- Harda, kiminlə qalırsan?

- Öz evimizdəyəm, anam və qardaşımla.

- Müalicələrin xərcini kim ödəyir?

- Heydər Əliyev Fondunun rəhbərliyi sağ olsun, nəzarətə götürüblər. Onların dəstəyi ilə müalicə alıram. Bu baxımdan problem yoxdur, şükür.

- Millinin oyunlarına baxdın?

- Aha.

- Gördüklərin əsasənda nə deyə bilərsən?

- İsveçə qarşı daha inamlı oynadılar və haqlı olaraq qol vəziyyətləri yaratdılar. Slovakiya ilə matçda qorxaq futbol gördüm. Ona görə də slovaklar istədiklərini edirdilər.

- Fernandu Santuşun əli işi görünürdü? Ondan nəsə gözləməyə dəyər?

- Yeni məşqçi gəlibsə, təbii ki, müəyyən dəyişikliklər olmalıdır. Santuş yox, Arif Əsədov da olsaydı, nəticə eyni olacaqdı. Yəni, məsələ baş məşqçinin kimliyində deyil. Bu gün bizə xarici məşqçi lazım deyil.

- Yığma 20-25 il əvvəl daha məzmunlu oynayırdı, yoxsa indi?

- Məncə, milli o vaxt həm oyun planında yaxşı idi, həm də məsuliyyət var idi. Bir az pis oynayanda, yaxud böyük hesabla uduzanda ajiotaj böyüyürdü, səs-küy çoxalırdı. İndiki məğlubiyyətlər “belə də olmalıdır” təsiri bağışlayır.

- İllərdir davam edən “ənənə”dir. Bu vəziyyətdən çıxmaq üçün nə etməliyik?

- Hərənin öz fikri var. Mənə görə ən yaxşı yol azərbaycanlı uşaqları uşaq yaşlarından Avropa klublarının akademiyalarına göndərməkdir. Gedib orda böyüsünlər, öyrənsinlər. 10-12 yaşında Avropa klubunda olan uşaq oradakı futbolçular kimi yetişəcək, oranın futbol mentalitetini öyrənəcək.

- Ya da azərbaycanlı məşqçiləri təcrübə üçün xaricə göndərmək.

- Mənə görə ən rahat və uğurlu yol uşaqları göndərməkdir. Çünki Avropada sistem var, futbolçular göz qabağında olur. Məşqçi gedib orada öyrəndiyini gəlib burada tətbiq etmək üçün Azərbaycanda şərait və sistem olmalıdır. O da yoxdur.

- Millinin oyunlarına baxanda əsəb keçirirsən?

- Ümumi planda yox. Əsasən hansısa epizod boşa veriləndə hirslənirəm. Yəqin keçmişdə hücumçu olmağımla bağlıdır.

- Ölkə səviyyəsində sözünü demiş futbolçulardan sayılırsan. Matçlara baxanda “niyə kənardayam, niyə məşqçi işləmirəm” sualları keçir ağlından?

- Əlbəttə, olur. Məşqçiliyə başlamışdım da, davamı gəlmədi.

- Bunu düşünəndə kimi günahlandırırsan?

- Heç kimi, heç kimi.

- Özünü?

- Təbii ki. İnsana başqa heç nə etmir ki, özü edir.

- Ətrafında səni yoldan çıxaran şəxslər yox idi?

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Chosen
49
1
turanpress.com

2Sources