EN

Bakı-İrəvan vasitəçiliyinin sayı artır- lakin prosesdə irəliləyiş baş vermir...

Image

Elşad Musayev: “Çünki sülh sazişinin imzalanmasına indi əvvəlkindən daha çox ümid var”

Maraqlıdır ki, son vaxtlar Azərbaycanla Ermənistan arasında sülhlə bağlı vasitəçi, platforma olmaq istəyən ölkələrin sayı artır. Baxmayaraq ki, bu kimi vasitəçilik səylərinin bir nəticəsi yoxdur.

Məsələn, Qazaxıstan rəhbərliyi bir neçə dəfə bəyan edib ki, bu ölkə tərəflər arasında bu rolda çıxış edə bilər. Bu arada Macarıstanın xarici işlər naziri Peter Siyarto “İrəvan dialoqu” forumunda ölkəsinin Bakı ilə İrəvan arasında vasitəçilik etməsi məsələsini gündəmə gətirib. Onun sözlərinə görə, Budapeşt sülh sazişinin imzalanacağı məkan ola bilər. Diplomat Cənubi Qafqazda sülhün əldə olunmasının vacibliyini qeyd edərək, region sakinlərinin öz evlərində təhlükəsiz və dinc yaşamaq hüququna malik olduğunu vurğulayıb. Üstəlik, 12 illik fasilədən sonra Ermənistan ilə Macarıstan yaxın vaxtlarda İrəvan və Budapeştdə səfirliklərin bərpa edilməsi barədə razılığa gəliblər.

Maraqlıdır, sülh sazişinin imzalanacağı məkan olmaq istəyənlərin sayı niyə artır? Bu maraq nədən irəli gəlir?

“Ən yaxşı halda, hansısa ölkə platforma ola bilər, vasitəçi yox” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev bunu bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, nə qədər ki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb, bu səbəbdən vasitəçi olmaq istəyənlərin sayı çox olacaq. Nəinki vasitəçi, sülh sazişi üçün platforma kimi çıxış etmək istəyən ölkələr olacaq. Əvvəl ATƏT-in Minsk Qrupu var idi. Bu səbəbdən hansısa ölkələr vasitəçilik təşəbbüsü ilə çıxış etmirdilər. Belə bir təşəbbüs olanda belə, həmsədr dövlətlər buna mane olurdular. 2020-ci ildən Minsk Qrupu de-fakto ölü olduğundan, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən vasitəçi olmaq istəyən çoxdur. Çünki sülh sazişinin imzalanmasına əvvəlkindən indi daha çox ümid var. Ancaq yenə də vasitəçi olmaq istəyən dövlətlərin hərəsinin öz marağı var. Lakin həqiqətən də elə olkələr var ki, Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəyir. Elə ölkələr də var ki, bu minvalla öz maraqlarını təmin etmək, beynəlxalq miqyasda xal qazanmaq istəyir. Ancaq elə ölkələr var ki, bu yolla regionda möhkəmlənməyə çalışır. Əsasən Fransa belə mövqedən çıxış edir. Ancaq bunu bütün ölkələrə şamil etmək olmaz. Məsələn, Qazaxıstanla Azərbaycanın yaxşı münasibətləri var. O cümlədən, Macarıstanla yaxşı münasibətlər var. Qazaxıstan Azərbaycanla yaxşı münasibətlərə malik olmaqla yanaşı, Ermənistanla da normal münasibətlərə malikdir. Həmçinin, eyni iqtisadi və hərbi bloklarda təmsil olunurlar. Bu baxımdan hesab edirəm ki, Qazaxıstan tərəflər arasında danışıqların aparıldığı platforma ola bilər. Bütün bunlarla yanaşı hesab edirik ki, ən yaxşı variant vasitəçilərsiz problemi həll etməkdir. İki dövlət arasında olan problemləri Bakı ilə İrəvan həll etməlidir. Biz də müharibədəki qələbəmizlə Ermənistanı buna məcbur etmişik. Ona görə də, ən yaxşı halda, hansısa ölkə platforma ola bilər, vasitəçi yox. Bu baxımdan Ermənistan müəyyən dövlətlərə sığınıb təxribatçı mövqe sərgiləməkdən əl çəkməlidir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
baki-xeber.com

1Sources