EN

USAID-in Ermənistana dəstəyi Rusiyanı bölgədən uzaqlaşdırmağa hesablanıb – RƏY

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana ciddi maliyyə dəstəyi göz önündədir.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

“Şübhə yoxdur ki, bu, məhz İrəvanın Moskvadan uzaqlaşması və onun siyasi, iqtisadi, hərbi nəzarətindən çıxarılması məqsədi ilə edilir. Bu, həmçinin idarəçilik və iqtisadi islahatları təşviq edən Avropa İttifaqını (Aİ) Ermənistanla Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə (CEPA) uyğun gəlir”, – ekspert vurğulayıb.

Politoloq hesab edir ki, bu məsələdə diqqət çəkən nüans yardımların uzun müddətli və hissə-hissə verilməsidir:

“USAID-in Ermənistana beşillik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırması barədə məlumat heç də təəccüblü qarşılanmadı. Çünki Ermənistana yardımlar edilməsi barədə yardım Avropa İttifaqının da müxtəlif maliyyə qurumları tərəfindən məlumatlar daxil olmuşdu. Diqqəti çəkən məqam isə edilən yardımların uzun müddətli və hissə-hissə verilməsidir. Yəni hər iki tərəfdən Ermənistana müəyyən miqdarda yardım edilir və əvəzində onun Rusiyaya qarşı tələb olunan addımı atması gözlənilir. Əgər Ermənistan maliyyə təqdim edən tərəfin Rusiya ilə bağlı tələbini yerinə yetirirsə, növbəti il yeni yardım paketi təqdim olunur. Əksinə, əgər Ermənistan Rusiyaya qarşı tələb olunan addımı atmırsa, nəzərdə tutulan və hətta ayrılan yardımlar bu və ya digər səbəblər gətirilərək dayandırılır”.

Politoloqun sözlərinə görə, ayrılan vəsaitin ilk tranşı Ermənistanın Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarılması qarşısında alacağı mükafatdır.

“Hazırda həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən Ermənistana ayrılan vəsaitin ilk tranşı ya verilib, ya da verilmək ərəfəsindədir. Bu, Ermənistanın Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarılması qarşısında ona çatacaq mükafatdır. Növbəti il üçün isə İrəvanın qarşısında Rusiyaya qarşı atacağı yeni addımlar durur. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı onun qəbul edəcəyi qərar ola bilər. Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədindən çıxarılması məsələsi də gündəmdədir. Elə məhz buna görə də Ermənistan parlamentinin spikeri Alen Simonyan iki gün əvvəl Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədindəki rus sərhədçiləri barədə məsələnin gündəliyə gətirilməsinə çalışdı”, – o əlavə edib.

Ə.İbrahimov hesab edir ki, Ermənistan KTMT ilə bağlı son qərarı qəbul edə bilməyəcək:

“Rusiya tərəfindən Ermənistana çatdırılan mesajlara əsasən mülahizə yürütmək olar ki, Ermənistanın Rusiyaya qarşı manevr imkanları artıq tükənib. O nə Rusiya sərhədçilərini qeyd olunan sərhədlərdən çıxara biləcək, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı son qərarı qəbul edəcək. Onun Rusiyaya qarşı ata biləcəyi digər addım varmı? Düşünürəm ki, Rusiya Ermənistanın bundan sonra edəcəyi bütün hərəkətləri cavablandıracaq. Deməli, Ermənistanın Qərb və ABŞ-dəki maliyyə dəstəkçilərindən növbəti tranşı almaq şansı aradan qalxır”.

Politoloq onu da bildirib ki, nəticə etibarı ilə USAID-in Ermənistana dəstəyi guya sosial-iqtisadi dayanıqlılığı gücləndirmək, ticarətin şaxələndirilməsini dəstəkləmək və keçmiş Qarabağ münaqişəsindən sonra məcburi köçkünlərə kömək etmək məqsədi daşısa da, əslində ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqla yanaşı, Ermənistandakı revanşist qüvvələri qızışdırmağa çalışır.

Chosen
81
50
nocomment.az

10Sources