Azərbaycanın Niderlanddakı səfirliyinin və bu ölkənin iqlim elçisi Xayme de Börbon de Parmenin birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına həsr edilmiş konfrans keçirilib.
Səfir Rəhman Mustafayev konfransda Bakının evsahibliyi edəcəyi COP29-un prioritetləri, Azərbaycanın təşəbbüsləri və iqlim strategiyası, eləcə də Azərbaycan–Niderland ticarət və investisiya əlaqələrinin genişlənməsi imkanları haqqında geniş təqdimat edib.
Tədbirdə Niderlandın özəl sektorundan 100-ə yaxın nümayəndə, Xarici İşlər, İqlim Siyasəti və Yaşıl İnkişaf, İnfrastruktur və Su İdarəçiliyi nazirliklərinin, Niderland İnkişaf Bankının təmsilçiləri, Niderlandın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında nümayəndə heyətinin rəhbəri, Niderland–Britaniya Ticarət Palatasının üzvləri iştirak ediblər. Konfransda Niderlandın özəl sektorunun COP29-da iştirak imkanları və prioritetləri müzakirə olunub. Konfrans fikir mübadiləsi ilə davam edib.
***
Dünən COP28 Birləşmiş Ərəb Əmirlikləri, COP29 Azərbaycan və COP30 Braziliya sədrliklərinin mədəniyyət nazirləri Rusiyanın Sankt-Peterburq şəhərində üçtərəfli görüş keçiriblər.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, BƏƏ-nin mədəniyyət naziri Səlim bin Xalid əl-Qassimi və Braziliyanın mədəniyyət naziri Marqaret Menezes COP29 çərçivəsində keçiriləcək mədəniyyət nazirlərinin İkinci Yüksək Səviyyəli Görüşünün proqram və formatını müəyyən ediblər.
Bildirilib ki, Şarm Əl-Şeyxdə keçirilmiş COP27 tədbirindən bəri beynəlxalq gündəlikdə mədəniyyətin iqlim fəaliyyətindəki rolu aktuallıq qazanmağa başlayıb. Azərbaycan da öz növbəsində bu məsələni hər zaman xüsusi diqqətdə saxlayıb və qlobal səviyyədə müzakirə olunması istiqamətində davamlı işlər aparmaqdadır. Bu il mayın 1-dən 3-dək Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı dünyanın aparıcı iqlim və irs üzrə ekspertlərinin iştirakı ilə bu mövzuya xüsusi plenar sessiya həsr edilib.
COP29 tədbirinin hazırlıq işləri ilə də tanış olan Braziliya və BƏƏ-nın mədəniyyət nazirləri hazırlıq işlərini yüksək qiymətləndiriblər.