Dünyada yanacaq istifadəsi ilə əlaqədar yaranan qlobal istixana qazlarının 4-də 1-i nəqliyyat sektorunun payına düşür və bu sektorda baş verəcək dəyişikliklər Paris İqlim Sazişinin həyata keçirilməsində əsas rol oynamalıdır.
Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda “Beynəlxalq Davamlı İnkişaf və İqlim İnnovasiyaları” Forumunda deyib.
Onun sözlərinə görə, nəqliyyat sektorunda dəyişiklik edilməsə, emissiyalar ikiqat artacaq.
"Davamlı hərəkətliliyin inkişafını təşviq etmək məqsədilə BMT nəqliyyat sektoru ilə müxtəlif koalisiya təşəbbüsləri başladıb, bunlara "Ekoloji Təmiz Nəqliyyatın Yaradılması Üçün Təşəbbüslər" (ACT) kimi ən böyük qlobal koalisiya da daxildir. Bu təşəbbüslər iqlim dəyişikliklərinə uyğunlaşma və bütün nəqliyyat növlərinin sıfır emissiyaya keçirilməsi ilə bağlıdır", - V.Andreyeva bildirib.
Eyni zamanda, onun fikrincə, nəqliyyat sektorunda emissiyaların kəskin şəkildə azaldılması və aşağı karbon rejiminə keçid üçün innovativ avtomobil texnologiyaları, davamlı bioyanacaq, inkişaf etdirilmiş infrastruktur, iqlimə uyğun şəhər planlaşdırması, maliyyə və istehlakçıların məlumatlandırılması üzrə təşviq kampaniyaları da vacibdir.
Onun sözlərinə görə, hazırda iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq lazımdır. Qlobal istiləşmə 1,5 dərəcədən aşağı və ya onun ətrafında məhdudlaşdırılmalıdır.
"Kompleks yanaşma və bütün sektorlardan və cəmiyyətin bütün səviyyələrindən əməkdaşlıq tələb olunur. İqlim böhranı ilə mübarizədə sektorlar arası əməkdaşlığın təşviq edilməsi zəruridir", - o bildirib.
O qeyd edib ki, iqlim dəyişikliyi hamımıza təsir edir və yalnız inklüziv və koordinasiyalı fəaliyyətlər vasitəsilə əhəmiyyətli irəliləyişə nail olmaq mümkündür.
Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.