Rusiya rəhbəri Vladimir Putin Britaniya və ABŞ-a xəbərdarlıq edib. Əgər onlar Ukraynanın Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verərsə, hər iki ölkə Kreml ilə müharibə aparacaq.
Bu fikirlər "The Times"də dərc olunan məqalədəndir. Nəşrin yazdığına görə, Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ prezidenti Cozef Bayden cümə günü Ağ Evdə Ukraynanın Rusiyaya “Storm Shadow” raketləri atmasına icazə verilməsi ilə bağlı danışıqlar aparacaqlar: "Rusiya İrandan 200-dən çox ballistik raket alıb. Qərb bunu əhəmiyyətli eskalasiya adlandırdığı üçün onların bu məsələdə razılığa gəlməsi gözlənilir".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural