EN

10 sentyabrdan başlayan VAKSİNASİYA: Peyvəndlənmə məcburi olacaq? - AÇIQLAMA

Qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib və Səhiyyə Nazirliyinin müvafiq Əmrinə əsasən 10 sentyabr 2024-cü il tarixindən vaksinasiyaya başlanılıb.

Məlumatda bildirilir ki, respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilələrin və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.

Maraqlıdır vaksinasiyası bütün əhali üçün məcburi ola bilərmi?

Təyyar Eyvazov, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, payız-qış mövsümündə hava-damcı üsulu ilə yayılan respirator virus infeksiyalarının və qripin artımı hər il baş verir və bu, adıçəkilən infeksiyaların mövsümiliyi ilə əlaqədardır.

İnfeksionistin sözlərinə görə, bəzi hallarda bu infeksiyalar arasında qrip ağır gediş xüsusiyyətlərinə və verə biləcəyi ağırlaşmalara görə digər KRVİ-dan fərqlənir ki, bu səbəbdən də hər il əhalinin salamlığının qorunması tədbirlərindən biri kimi qripə qarşı vaksinasiya tövsiyə olunur:

“Eyni zamanda, birinci növbədə qripə qarşı vaksinasiya infeksiyanın ağır gedişinin risk qrupları üçün daha önəmlidir. Bu qruplara 5 yaşa qədər uşaqlar, hamilələr, ağır xroniki xəstəliyi və ahıl yaşda olan insanlar daxildir”.

Müsahibimiz vurğulayıb ki, həmçinin peşə xüsusiyyətləri ilə əlaqədar tibb işçilərinin də vaksinasiyası tövsiyə olunur.

“Bütün əhalinin peyvəndlənməsi nəzərdə tutulmur və buna heç bir epidemioloji əsas yoxdur”, - deyə Təyyar Eyvazov qeyd edib.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
bakivaxti.az

1Sources