EN

Böyük Britaniya Azərbaycanla COP tədbirlərinin təşkilində təcrübəsini bölüşməyə hazırdır - Nik Beyker

Böyük Britaniya həm COP konfranslarını təşkili sahəsində, həm də "yaşıl enerji"nin inkişafında geniş təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla paylaşmağa hazırdır.

Trend xəbər verir ki, bu barədə Britaniya səfirliyinin COP29 üzrə missiya rəhbəri Nik Beyker Britaniya Ticarət Palatasının Azərbaycanda təşkil etdiyi Beynəlxalq “Dayanıqlı İnkişaf və İqlim İnnovasiyaları” Forumunda bildirib.

"Böyük Britaniyada 2021-ci ilin noyabrında BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 26-cı tərəflər konfransını (COP26) keçirib. Böyük Britaniya 11 milyon britaniyalı ev təsərrüfatını "yaşıl enerji" ilə təmin edən dünya liderlərindən biridir. Ölkədə 141 külək və günəş stansiyaları və digər "yaşıl" təşəbbüslərlə bağlı layihələr həyata keçirilib. Buna görə də biz məmnuniyyətlə bu təcrübəni Azərbaycanla paylaşmağa hazırıq", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycana xüsusilə Böyük Britaniyanın dəniz külək enerjisi stansiyalarının tikintisi sahəsindəki təcrübəsi faydalı olacaq. Britaniya mütəxəssisləri bu stansiyaları yalnız Böyük Britaniyada deyil, dünya üzrə digər ölkələrdə də inşa edirlər.

Bundan əlavə, Böyük Britaniyanın yeni hökuməti (2024 iyul ayından fəaliyyət göstərir) 2030-cu ilə qədər karbon tərkibini azaltmaq və 2050-ci ilə qədər Net Zero (sıfır tullantılar) hədəfi ilə "yaşıl" layihələri özəl sektorla birlikdə uğurla həyata keçirir.


"Biznesin enerji keçid planlarının həyata keçirilməsindəki rolu kritik əhəmiyyət daşıyır. Bu yay Böyük Britaniyanın paytaxtında özəl şirkətlərin "yaşıl" təşəbbüslərə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlər keçirildi. Xüsusilə iyun ayında 'London İqlim Dəyişiklikləri ilə Mübarizə Həftəsi' keçirildi. Biz "Bakı İqlim Həftəsi"ni səbirsizliklə gözləyirik. Ümumiyyətlə, Böyük Britaniya və Azərbaycan arasında qlobal iqlim məqsədlərinə nail olmaq üçün müxtəlif strukturlar və şirkətlər arasında çoxlu imkanlar var", - Beyker bildirib.

Onun fikrincə, Böyük Britaniya və Azərbaycan hökumətləri arasında COP29-un uğurla keçirilməsi üçün sıx əməkdaşlıq mövcuddur.

"Noyabr ayında Bakıdakı iqlim sammiti qlobal əhəmiyyət kəsb edən vacib bir hadisə olacaq, dünya dövlətlərinin liderləri və nümayəndə heyətləri uzunmüddətli qlobal təsirə malik danışıqlar aparacaqlar", - Böyük Britaniya nümayəndəsi əlavə edib

Chosen
27
2
ekologiya.az

3Sources