EN

Minalanmış ərazilərin xəritələrini vermirlər -RƏY

Ermənilər Azərbaycan torpaqlarında savaşın davam etməsi üçün bir mina müharibəsi bazası hazırlayıblar
 
 
  Azərbaycan dünyada mina ilə çirkləndirilən ölkələrdən biridir. Ermənistan 30 illik işğal dövründə çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşılaşdığı ən böyük problemlərdən biri də işğaldan azad olunmuş ərazilərinin minalar və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Bu problemi hökumət strukturları, xüsusilə də dövlət başçısı, qeyri-hökumət təşkilatları, mətbuat daim diqqət mərkəzində saxlayır və bütün müvafiq platformalarda Azərbaycanın qarşılaşdığı problem beynəlxalq aləmə çatdırılır. Azərbaycan ərazilərində kütləvi şəkildə minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün təhlükə yaradır. Qeyd edək ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərə jurnalistlər üçün mediatur təşkil edib. ANAMA-nın əməliyyat rəhbəri Habil Babayev məlumat verib ki, 2020-2024-cü illər ərzində ümumilikdə Şərqi Zəngəzur və Qarabağ ərazisində 379 nəfər mina qurbanları olub. O qeyd edib ki, bunlardan da 70 nəfəri həyatını itirib. 309 nəfər isə müxtəlif bədən xəsarətləri alıb: "İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi müşahidə edilir. Onların işə düşməsi zamanı insanların həyat və ya sağlamlığının itirilməsi, uzunmüddətli ağır psixoloji travma almaları ilə nəticələnir. Əksər hallarda minaların qurbanları mülki əhali olur". Habil Babayev vurğulayıb ki, ANAMA Şərqi Zəngəzur və Qarabağ ərazisində bu günə qədər 161 min hektar ərazidə təmizləmə işləri aparıb. Bu günə qədər 157 min ədəd mina və partlamamış hərbi sursat agentliyin partlayış qrupu tərəfindən yerində zərərsizləşdirilib.

 Ermənistanın mina terroru ilə bağlı "Sherg.az"a danışan millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu deyib ki, müharibədən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, əslində, savaş bu gün də davam edir. Deputatın sözlərinə görə, ermənilər Azərbaycan torpaqlarında savaşın davam etməsi üçün bir mina müharibəsi bazası hazırlayıblar: 

"Çox təəssüf ki, bugünədək minalanmış ərazilərin xəritələrini vermirlər. Bu, onun göstəricisidir ki, Ermənistan sülh istəmir, regionda barışıq arzusunda deyil və Azərbaycanla münasibətlərin düzəlməsində marağı yoxdur. Əks təqdirdə bütün normal müharibə qanunlarına və təcrübələrinə görə, müharibə bitdikdən sonra tərəflərin savaşın nəticələrini aradan qaldırması, insanların daha az zərər görməsi, humanitar hüququn prinsiplərinə əməl olunması, müharibə vaxtından qalan bütün zərərverici, təhlükəli halların ortadan qaldırılması üçün birgə fəaliyyət göstərirlər. Ancaq Ermənistan bunu etmir. Maraqlıdır ki, bir yandan da sülhdən danışmağa davam edir. Əgər Ermənistan bu gün də Azərbaycanla mina müharibəsi aparırsa, eyni zamanda hücum silahları alaraq müharibəyə hazırlıq görürsə, deməli, İrəvan sülh istəmir".
 
Parlament üzvü qeyd edib ki, Azərbaycan öz ərazilərini öz hesabına sürətlə minalardan təmizləyir: 
"Böyük Qayıdış prosesində bizə mane olacaq təhlükəli vasitələri aradan çıxarırıq. Amma haqlı gözləntilərimiz də var. Ermənistan könüllü surətdə mina xəritələrini vermirsə, beynəlxalq hüquqdan, insan haqlarından danışan Avropanın ixtisaslaşmış təşkilatları İrəvana təzyiq göstərməlidirlər. Əfsuslar ki, bunun nəticə verməyəcəyini də bilirik. Çünki 30 illik təcrübəyə malikik".
Chosen
61
sherg.az

1Sources