Dünyanın ən böyük beynəlxalq konfransı - COP29-da 100-dən çox dövlətin nümayəndəsi iştirak etdiyi üçün və bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur.
Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin qatıldığı mötəbər tədbirdə hər bir dövlətin özünəməxsus formada pavilyonu olur. İqlim dəyişmələrinə həsr edilmiş sonuncu COP28 konfransı bizim üçün həm də ona görə əlamətdar oldu ki, orada növbəti tədbirin 2024-cü ildə məhz Azərbaycanda keçirilməsi ilə bağlı çox ciddi qərar qəbul olundu.
Əslində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan üçün həm də siyasi baxımdan önəm daşıyır. Bu mötəbər tədbirin məhz Bakıda keçirilməsi istər region, istərsə də individual olaraq Azərbaycan üçün iqtisadi, siyasi və mədəni inkişaf perspektivləri baxımından yüksək əhəmiyyətə malikdir. Tədbir ərzində paytaxtımıza təşrif buyuran bir çox dövlət və hökumət başçıları, o cümlədən, xarici vətəndaşlar ölkəmizin zənginlikləri, tarixi keçmişi və müasirliyi ilə yaxından tanış olacaqlar. kapital bank vakansiya
Mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, COP29 Azərbaycanın siyasi, iqtisadi və mədəni sahədəki sürətli inkişafına daha ciddi töhfələr verəcək:
“Bu tədbir əslində ekoloji tədbir kimi qəbul olunsa da, həm də siyasi mahiyyət daşıyır. Hansı ölkə ki, bu tədbiri keçirir, onun nüfuzuna təsir edən müəyyən məqamlar da nəzərdə tutulur. Azərbaycan da Cənubi Qafqazın lider ölkəsi kimi, həm də dünyada sözükeçən bir ölkəyə çevrilməkdədir.
Bunu Qoşulmama Hərəkatında olan proseslər bir daha göstərdi. Belə tədbirlərə ev sahibliyi etmək ölkəmizin nüfuzunu xeyli dərəcədə qaldıracaq. Təbii ki, bu tədbiri həyata keçirmək olduqca böyük, məsuliyyətli və ağır işdir. Eyni zamanda özümüzün gündəmdəki problemlərimizi dilə gətirmək fürsəti yaradacaq. Xüsusilə, Xəzər dənizinin müəyyən təbii fəlakətlə üzləşməsi problem olaraq bu tədbirdə diqqət mərkəzinə gətirilə bilər və gətirilməsi də vacibdir. Ona görə də, biz bu fürsətləri dəyərləndirməliyik.
Hesab edirəm ki, COP29 Azərbaycan üçün uğurlu bir hadisə kimi yadda qalacaq və ölkəmizin digər dövlətlərlə əlaqələrinin genişlənməsinə də ciddi təsirini göstərəcək. Çünki məsələ sadəcə siyasi əlaqələrlə yekunlaşmır. Paralel olaraq, ekoloji, iqtisadi, sosial sahələrdə dünya ilə həmrəylik içərisində olmaq, başqa dövlətlərlə müəyyən layihələri birlikdə gerçəkləşdirmək bizim də hədəflərimizdən biridir. Bu hədəflərə çatmaq üçün COP29-un çox faydalı fürsət olduğunu düşünürəm”.
"Yaşıl Dünya Uğrunda" Vətəndaş Cəmiyyəti Platformasının koordinatoru, Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Samir Həsənov Azərbaycanın bir çox Avropa ölkəsi üçün ciddi enerji partnyoru olduğunu diqqətə çatdırıb:
“Azərbaycan miqyasında “Yaşıl enerji” sahəsində böyük işlər görülür. Artıq bildiyiniz kimi, günəş panelləri ilə bağlı layihələr həyata keçirildi. Yaxın gələcəkdə Cəbrayılda BP tərəfindən “Şəfəq” stansiya qurulacaq. Yəni ölkəmiz hazırda “yaşıl enerji”nin Avropaya ixrac etməyi qarşısına məqsəd kimi qoyub.
İldən-ilə bu istiqamətdə artım gözlənilir. Azərbaycan hal-hazırda Avropanın enerji ehtiyatlarını ödəyən bir ölkədir. Başqa dillə desək, Avropanın enerji təhlükəsizliyinin təminatı məhz Azərbaycandır. Ölkəmizin neft və qazı bir sıra qərb ölkələrinə, o cümlədən İtaliyaya gedib çıxır. Prezident İlham Əliyevin son İtaliya səfəri zamanı da bu istiqamətdə böyük müqavilələr imzalandı. Hazırda əsasən qazın ixrac həcminin daha da artırılması nəzərdə tutulur. Demək olar ki, Avropa qitəsinin böyük bir hissəsini Azərbaycan neft və qazla təmin edir. Növbəti mərhələdə Azərbaycan Gürcüstanla birlikdə Qara dəniz vasitəsi ilə “yaşıl enerji”nin Avropaya ixrac edilməsi istiqamətində işlər görülür. Bu istiqamətdə artıq bir sıra görüşlər və müqavilələr imzalanıb. Əlavə olaraq, yaxın gələcəkdə Orta Asiya ölkələrindən Xəzər dənizi ilə “yaşıl enerji”nin Azərbaycanın tranzit ölkə funksiyası ilə ixracı da gündəmdədir”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Telegram kanalımız