EN

"Qərb Ermənistanı təxribat törətməyə təhrik edir, bununla da sülhün..." - ŞƏRH

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, - Müdafiə Nazirliyindən bildirilib. Digər tərəfdən, həm rəsmi Bakıdan, həm də İrəvandan verilən açıqlamalar onu deməyə əsas verir ki, sülh istiqamətində ciddi irəliləyiş əldə olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb.

 

Belə olan halda, maraqlıdır, İrəvan niyə məhz indi yenidən silaha əl atır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, hətta sülh sazişi mətni ilə bağlı 99 faiz razılıq əldə olunsa da, əgər 1 faizlik mübahisəli məsələ varsa, deməli, hələ daimi sabitlikdən söhbət gedə bilməz:

 

“Həmçinin mətnin 100 faiz razılaşdırılması da hələ o demək deyil ki, sülh sazişi imzalanır. Çünki sülh sazişinin imzalanmasına mane olan konkret məqamlar var. Bunlardan ən başlıcası Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddialarıdır. Rəsmi Bakının tələblərinə uyğun olaraq rəsmi İrəvan müvafiq konstitusiya dəyişikliyinə getmədikcə sülh sazişi imzalanmayacaq. Görünən odur ki, Ermənistan hakimiyyəti hələ ki bu barədə düşünmür. Üstəgəl, Ermənistan hərbi sabotajlardan əl çəkmir. Düşünmək olar ki, Azərbaycan mövqelərinin atəşə tutulması Ermənistan hakimiyyətinin deyil, ona dəstək verən havadarlarının iradəsi ilə bağlıdır. Belə ki, Qərb, xüsusilə ABŞ və Fransa bölgədə sülh istəmir. Çünki mümkün sülh onların regiona müdaxiləsinin qarşısının alınması deməkdir”.

 

Şərhçi qeyd etdi ki, son zamanlar intensivləşən hərbi təxribatların məqsədi, yəqin ki, mümkün proqressin qarşısını almaqdır:

 

“Ermənistan hərbi- siyasi hakimiyyəti sülhün alternativinin olmadığını və bunun ən çox onun özünə lazım olduğunu anlayır. Amma xeyli dərəcədə üçüncü güclərin təsirində olduğuna görə, lazımi siyasi iradə ortaya qoya bilmir, Qərbin oyunlarının qurbanına çevrilir. Ehtimal etmək olar ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ərəfəsində təkrarlanan hərbi təxribatların məqsədi Azərbaycanı adekvat cavaba təhrik etmək, bölgədə süni gərginlik yaratmaq və sözügedən tədbirdə iştirakçı fəallığına mənfi təsir etməkdir. İkinci bir tərəfdən, Ermənistanın COP29-da iştirakı gözlənilir. Çox güman, Qərb Ermənistanın öz əli ilə süni gərginlik yaratmaqla buna mane olmaq, həmçinin tərəflər arasında daha çox etimadın yaranmasının qarşısını almaq istəyir”.

 

Günay Rəsulqızı
 

Chosen
103
1
sfera.az

2Sources