Bakı, 13 sentyabr, Pərvanə Qafarova, AZƏRTAC
Müasir dünyada istənilən interyerdə çox müxtəlif üslub və formalı güzgülər üzərində təsvirlərə tez-tez rast gəlirik. Bu dekor üsulunun populyarlığını çox sadə izah etmək olar: bəzək sayəsində siz asanlıqla otaqda və ya istənilən qapalı məkanda güzgüləri bəzəyib və ya qarderobun aynasına dizayn tətbiq edərək, eləcə də güzgü və şüşədən hazırlanmış mebel elementlərini istəyinizə uyğunlaşdıra bilərsiniz. Ətrafdakı interyer bizim əhvali-ruhiyyəmizə də təsirsiz ötüşmür. Dekor bu gün interyer və ya fərdi əşyalara istənilən üslubu və ya özəlliyi tətbiq etməyə imkan verir. Hazırda güzgü üzərində rəsm müxtəlif yollarla həyata keçirilir. Bu, boyalarla əks olunmuş rəsm əsəri, qravüra və ya dekorativ elementlərdən ibarət müxtəlif bəzək növlərinin tətbiq olunduğu güzgü ola bilər.
İnsan oğlu güzgü yaranandan ona baxıb özünə düzən verir. O, isə təkcə güzgüyə baxıb bəzənmir, həm də güzgüləri bəzəyir. Güzgülərin bəzədilməsi və qədim əşyalara “ikinci həyat” verdiyini söyləyən gənc memar, yerli “Narmirror” brendinin təsisçisi Nərmin Hüseynova AZƏRTAC-a məxsusi müsahibəsində koronavirus pandemiyası zamanı hobbisinin sürətlə biznesə çevrildiyini qürurla qeyd edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin məzunu olan Nərmin Hüseynova yaradıcılığa və incəsənətə olan marağın onu bu sahəyə gətirdiyini söyləyib: “Bir çox layihələrdə memar olaraq çalışmışam. Sonradan memarlıq sahəsində özümü daha çox çərçivədə hiss etdiyim üçün istəyirdim ki, yaradıcı işlərlə daha çox məşğul olum. Elə bu məqsədlə də, öz dəst-xətimlə güzgüləri bəzəməyə başladım. Uşaqlıqdan güzgülərə qarşı çox böyük marağım var idi. Bu işi genişləndirmək istəyirdim. Hobbi olaraq başladım, sonra eskizlər çəkdim və pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejimi zamanı bu iş prosesi daha da böyüyüb, sürətləndi.
“O dövrdə hər kəs evdə qaldığından əksəriyyət insan ev dekorunu dəyişmək, ev əşyalarında yeniliklər etmək istəyirdi. Həmin zaman iş çox sürətlə irəli getdi. İnstaqram səhifəmiz aktivləşdi və sonradan böyük bir şirkətlə əməkdaşlığa başladıq. Onların eskizləri üzrə güzgüləri hazırlamağa başladım və ondan sonra digər şirkətlər, restoranlar, otellərdən sifarişlər aldım”.
Müxtəlif forma və ölçülərdə güzgüləri həvəslə bəzəyən gənc xanım zamanla fərqli texnikaları öyrəndiyini bildirib.
“Əslində birinci işlərim daha çox təbiətə aid idi. Sonradan ornamentlərə keçdim. Deyərdim ki, əhvalıma ən çox hava təsir edir. Misal üçün, yay aylarında daha passiv oluram. Hazırda yeni kolleksiyanı hazırlayıb təhvil verməliyik, lakin yay fəslidir deyə, bu işi yekunlaşdırmaqda çətinlik çəkirəm. Payız-qış fəslində daha aktiv oluram. Yaradıcı insanların əhvalına hər şey təsir edir. Yəni dinlədiyim musiqi, baxdığım film və ya rastlaşdığım hadisə gördüyüm işdə - bəzədiyim güzgüdə əksini tapa bilər. Ancaq sifarişçinin istəyi də mənim üçün önəmlidir. Əgər milli ornamentlə bəzədilmiş güzgülər sifariş olunursa, bu aynalarda adətən buta, şəbəkə, nar və s. elementlər əks olunur. Mənim ən çox sevdiyim işlər əsasən öz yaradıcı düşüncəmə əsaslanan işlərdir. Yerli və xarici ustalardan da yenilikləri öyrənməyə çalışıram. Öyrəndiyin yenilikləri hazırladığım məhsullar üzərində tətbiq etməyə çalışıram”, - deyə Nərmin Hüseynova qeyd edib.
Hazırda hobbisinin biznesə çevrildiyini söyləyən həmsöhbətim bildirib ki, köhnə mebellərin, qədim əşyaların bərpası ilə də məşğul olur. İki ilə yaxındır ki, bu işi həvəslə görür. Onun müşahidələrinə görə, hazırda ölkəmizdə buna tələbat daha çoxdur. Sıravi insanlarla yanaşı, restoranlar, hotellər və bu kimi biznes subyektləri bunu daha çox istəyirlər. Mavi rəng palitrası ilə işləməyi çox sevdiyini bildirən Nərmin xanım əl işlərimdə daha çox mavi, göy, yaşıl tonlardan istifadə etdiyini – səma və torpağın vəhdətinin ona ilham verdiyini bildirir.
Qarabağa səfərinin çox təsirli və yadda qalan olduğunu dilə gətirən bu istedadlı gənc burada hər addımın onu yeni əsərlər yaratmağa sövq etdiyini etiraf edib: “İşğaldan azad olunmuş ərazilərimizə gedən insanlar yurdumuzun bu guşəsini çox sevirlər. Düşünürəm ki, hazırda hər kəs Qələbə rəmzi olaraq Xarıbülbülü görəndə səmimi sevinc hissləri yaşayır. Bu mövzu yaradıcılığımda öz əksini tapıb. Mənim “Əlində Xarıbülbül olan Şuşalı qız” rəsm əsərim insanlar arasında çox böyük marağa səbəb olmuşdu, bir çox yerlərdə sərgilənmişdi. Hətta bir geyim dizayneri bu əsəri özünün tikdiyi üst geyimləri – köynək, pencək, eləcə də əl çantalarında istifadə etdi. Ölkəmizdə keçirilən fərqli sərgilərdə iştirak etmişəm. Bunu etməkdən çox məmnunam”.
Nərmin Hüseynova həmkarlarına güzgü ilə işləyərkən ehtiyatlı olmağı tövsiyə edib. Qarşılaşdığı bir hadisəni isə heç vaxt unutmayacağını söyləyir: “Bir dəfə bizim çox böyük ölçüdə, 3 metrə yaxın hündürlükdə güzgü sifarişimiz var idi. Uzun müddət onun üzərində işlədikdən sonra sifarişçiyə göndərən zaman məhsulu aparan şəxslərin əlindən düşüb qırılmışdı. Şükür ki, heç kim xəsarət almamışdı. Çəkdiyimiz əziyyətə görə heyfsilənsək də, biz yenidən sifarişi hazırlamalı olduq və təqdim etdik. Yəni, bu işin belə təhlükəli məqamlarını da unutmaq lazım deyil. Bəzən proses zamanı əlimizi zədələyirik, yaralanırıq. Nəticədə bir müddət iş görə bilmirik. Xüsusilə belə hallar mebel bərpası zamanı daha çox baş verir. Yaradıcılıq prosesində təhlükəli anlarımız çox olur”.
Nərmin Hüseynova gələcəkdə şəxsi şourum təşkil etməyi planlaşdırır: “Hazırda xaricdən sifarişlərimiz çoxdur. Biznesimizi genişləndiririk. Gələcək plan odur ki, yaxın iki il ərzində özümə ayrıca bir şorum yaradım və istəyərdim ki, o məkanda köhnə əşyalara yeni həyat verilməsi prosesi əks olunsun. Evdə nənədən-babadan xatirə qalmış, qədim əşyaların yenilənməsi barədə düşünəndə, hamının ağlına bu şourum gəlsin. Qədim əşyalar bu məkanda “ikinci baharı”nı yaşasın. Güzgülər və onların bəzədilməsi sonsuzadək mənimlə olacaq. Biz bir Azərbaycan brendi olaraq ölkəmizi layiqincə təmsil etmək niyyətindəyik”.