EN

 QADIN OLİQARXLARIMIZ… – Və xaricə daşınan talan olunmuş sərvətimiz – FOTOLAR

Bu günlərdə mətbuatda dərc edilən məlumata görə, uzun illər Ailə, Qadın və Uşaq Məsələləri Üzrə Dövlət Komitəsinin sədri olmuş, hazırda isə yenidən deputat edilən Hicran Hüseynova uzaq Fransada, dəniz sahilində istirahət kompleksi tikdirir. Xəbərdə deyilir ki, H.Hüseynova və bacısı dəniz sahilindəki 5 milyon avroluq villanı sökdürərək, yerində öz yeni obyektini inşa etdirir.

O da sirr deyil ki, bu adamları cəmiyyət, dövlət qarşısında hesabat vermək məsuliyyətindən azad edən hökumətdəki mövqeləri, əlaqələri və bütün bunların sayəsində topladıqları sərvət, var-dövlətdir…

Bu günlərdə Azərbaycanın pullarının talanması üzrə “ulduz” simalardan biri – Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın da ətrafında həm yerli, həm də xarici mətbuatda müxtəlif məlumatlar dolaşır. Britaniya məhkəməsi gah onun on milyonlarla dollarlıq əmlaklarını, bank hesablarını, qızıl-zinət əşyalarını müsadirə edir, gah qızıllarını qaytarır, gah qaytarmır, gah o məhkəmə-bu məhkəmə süründürür və sair.

Ortalıqda uçuşan on milyonlar, yüz milyonlar isə Azərbaycanın, sosial müavinətə möhtac qoyulan Azərbaycan vətəndaşının boğazından kəsilən, oğurlanan, talanan sərvətləridir.

Daha bir “oliqarx” xanım AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Əsgərova sayıla bilər. Rəsmən iş adamı hesab edilən, “Gazelli Group”-un sahibi, “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü və s. adlar daşıyan Z.Əsgərovanın 100 milyonlarla hesablanan kapitalının əsasını ərinin “qazandığı” pulların təşkil etdiyi çətin ki, kimdəsə şübhə doğurur. 

Yaxud, olsun Milli Məclisin sabiq sədri Oqtay Əsədovun xanımı Zemfira Əsədovanın “biznesi”. Rusiyada onun adına “Arizarum Qrup” adlı şirkət yaradılıb. Eyni zamanda da Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olan bu xanımın Rusiyadakı böyük biznesi necə idarə etdiyi “heyrət doğurur”.

Müvafiq dövlət qurumlarından heç kim yuxarıda sadaladığımız və sadalamadığımız bu cür “işgüzar” ailələrdən malik olduqları yüz milyonların mənbəyini soruşmayıb, onlara “gözün üstə qaşın var” deyən olmayıb – sanki belə də olmalı imiş…

İlkin kapitalı, “mayası” məmur ərlərinin bu millətdən taladığı pullar hesabına formalaşan “business women”-lərin siyahısını uzatdıqca uzatmaq olar. Bunları birləşdirən əsas amillərdən biri də ərlərinin, bəzi hallarda isə özlərinin(Hicran Hüseynova kimi-red.) burada “qazandıqları”nı xaricə daşımalarıdır. Bir sözlə, kişili-arvadlı – daşıyan-daşıyanadır…

Görünən həm də odur ki, iş pula, talançılığa, acgözlüyə, haramçılığa, tamahkarlığa gələndə bəzi xanımlarımız kişilərdən geri qalmır, hətta onları üstələyir...

Əlbəttə, hər bir ölkədə qadın iş adamlarının, milyonçuların olması yaxşı haldır. Bu, həmin cəmiyyətlərin inkişafından, müasirləşməsindən, hətta çiçəklənməsindən xəbər verir. Amma nə yazıq ki, bizim qadın milyonçularımız, “business women”-lərimiz də bu ölkədəki bir çox adlar, statuslar kimi süni və saxtadır…

Yəqin ki, nə vaxtsa Azərbaycanda da real, halal iş adamı olan qadınlar yetişəcək(Bəlkə də hazırda tək-tük də olsa belələri var). Ancaq bu, yalnız gerçək, monopoliyasız, məmur biznesinin at oynatmadığı, rüşvətsiz, azad bazar iqtisadiyyatı, normal gömrük-vergi sistemi, əlçatan bank sektoru, ədalətli məhkəmə, şəffaf hüquq-mühafizə sistemi və s. olanda olacaq. Azərbaycanda isə bütün bunları nə zaman görəcəyimizi nəinki siyasətçilər, ictimai xadimlər, iqtisadçılar, digər mütəxəssislər və sair, hətta bəzi xanımlarımızın tez-tez baş çəkdiyi falçılar da bilmir…

Chosen
90
9
mia.az

10Sources