EN

USAİD Ermənistanda təsirli faktora çevrilir - ABŞ ölkədə kölgə hökuməti formalaşdırır

Uzun müddətdir Qərbin diktəsi və tapşırıqları ilə hərəkət edən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri korlamaqdadır. Dövlət başçısı ilk olaraq Moskvanı təhrik edir ki, Ermənistanı KTMT-dən ixrac etsin. Sonra isə alyansdan qovulduğunu dünyaya bəyan edərək, erməni xislətinə uyğun olaraq özünü qurban kimi təqdim etmək niyyətindədir. Eyni zamanda qeyd etmək yerinə düşər ki, Sorosun dəstəyi ilə hakimiyyətə gələndə Nikol Kreml ilə erməni dövlətinin əlaqələrini qoparmağı öhdəlik kimi götürdüyünü hər hərəkəti ilə sübuta yetirməyə çalışıb. Həm də erməni siyasi elitası ABŞ-la keçirilən hərbi təlimləri və Fransa ilə münasibətləri, Qərbə inteqrasiyanı, silah alışını revanş ümidi kimi cəmiyyətə sırımaqda davam edir. Bunu isə sərhəd bölgəsində son dövrlər artan atəşkəs pozuntuları sübuta yetirir.

Bununla yanaşı, Paşinyanın Qərbə yaxınlaşmaq və inteqrasiya cəhdləri "gəlmişdi kabab iyinə" misalını xatırladır. Çünki erməni mətbuatında yayılan xəbərə əsasən, hakim partiyanın elitası ilə qapalı görüş keçirən baş nazir Avropadan narazı olduğunu dilə gətirib və payız aylarında xarici siyasətdə yeniliklər edəcəyini bildirib. Bunun səbəbi isə Aİ-nin verdiyi vədlərin söz olaraq qalması, maliyyə yardımının az olması, viza liberallaşdırılması prosesinin isə nəticəsiz olmasıdır. Hazırda erməni vətəndaşları Avropaya viza əldə etmək məsələsində ciddi çətinliklərlə üzləşirlər. Bu isə viza liberallaşdırılması ilə bağlı danışıqların aparılması dövrünə təsadüf edir. Vəziyyət hazırda erməni cəmiyyətində ciddi çaşqınlığa səbəb olub. Baş nazirin Rusiya ilə münasibətlərə dair müsbət siqnallar verdiyi bir dövrdə isə anti-Rusiya fəaliyyəti ilə məşhurlaşan Qaqik Melkonyanın açıqlamaları, baş nazirlə koordinasiyasız işlədiyindən xəbər verir. Məsələ burasındadır ki, erməni deputat çıxışında bildirib ki, rus sərhədçilərinin Ermənistanın İran və Türkiyə ilə sərhədindən geri çəkilməsi gündəmdədir. O bildirib ki, sərhədlərimizi üçüncü dövlət yox, özümüz qorumalıyıq. Təbii ki, bu çıxış ictimaiyyətə suverenlik uğrunda mübarizə kimi təqdim edilir. Reallıqda isə Melkonyanın eyham vurduğu məsələ sadəcə Qərbin direktivləridir və Rusiyanı tamamilə Ermənistan ərazisindən uzaqlaşdırmaq məqsədi daşıyır. Eyni zamanda baş nazirin Rusiyaya meyl etməsi də Qərb dairələrində xoş qarsalanmadığı üçün Melkonyan vasitəsilə müəyyən mesajlar ötürülür. Çünki Melkonyanın bəyanatı Nikol Paşinyanın bu yaxınlarda baş tutan mətbuat konfransından sonra başlayan daxili siyasi müzakirələr kontekstində də maraqlıdır. Siyasi prosesin bir sıra aktorları qeyd etməyə başlayıblar ki, öz bəyanatları ilə Paşinyan "xarici siyasətin Rusiya vektoruna qayıdıb". Qaqik Melkonyanın ictimai müzakirələrə atdığı və Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun faktiki olaraq aradan qaldırılmasını nəzərdə tutan ideya Paşinyanın "Moskva limanına qayıtması" ilə bağlı deyilənlərin hamısına bəlağətli cavab verir.

Bununla belə, vurğulamaq yerinə düşər ki, hökumət başçısı Rusiya ilə münasibətləri normallaşdırmaqda israrlı kimi görünür. Bunun işartıları isə MBD-nin qeyri-rəsmi sammitində Nikol Paşinyanın iştirak edəcəyi ilə bağlıdır. Uzun müddətdir baş nazir Rusiyanın liderlik etdiyi tədbirlərdə iştirak etməkdən yayınsa da, artıq hakimiyyət dairələrində 7-8 oktyabr tarixində keçiriləcək sammitdə erməni dövlətinin məhz Paşinyan səviyyəsində təmsil ediləcəyinə şübhə yoxdur. Eyni zamanda hakimiyyətin bir sıra dairələri ümid edir ki, 7 oktyabr tarixində Vladimir Putini ad günü münasibətilə bir başa hökumət başçısı təbrik edəcək bununla da aradakı buzlar əriyəcək. Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək BRİKS sammitində də Nikol Paşinyanın iştirak edəcəyi artıq rəsmən təsdiqlənib. Üstəlik, İrəvan Avropa Şurası ölkələrinin Ukraynadakı silahlı münaqişə ilə bağlı Rusiyanı qınayan bəyannaməsini dəstəkləməkdən imtina etməklə, xarici siyasət strategiyasının bəzi elementlərinin korrektə edilməsi ilə bağlı açıq siqnallar verir. Qərbə fəal şəkildə yönəlmiş ölkə rəhbərliyi üçün bu, praqmatik kursa qayıdışdan xəbər verən (əlbəttə, boş ritorikadan söhbət getmirsə) heç də az vacib olmayan haldır.

Paşinyanı xarici siyasət strategiyasında dəyişikliyə məcbur edən səbəblər hansılardır? İlk olaraq, yuxarıda da qeyd edildiyi kimi, baş nazir Qərbin vədlərinin söz olaraq qalmasından narazıdır. İkincisi, Ermənistan-Rusiya münasibətlərinin əsas "mühərriki" iqtisadiyyatdır. Siyasi təlatümlərə və İrəvanın Qərblə yaxınlaşmaq cəhdlərinə baxmayaraq, Moskva Ermənistanın əsas iqtisadi tərəfdaşı olmaqda davam edir. Rusiya bazarı, xüsusilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində yerli istehsalçılar üçün çox vacibdir, Ermənistan məhsullarına sabit tələbatı təmin edir və mühüm resursları təmin edir. Yuxarı Lars keçid məntəqəsində baş verən hadisələr və erməni konyakı ilə bağlı açıqlamalar bir daha sübut etdi ki, erməni iqtisadiyyatı konkret olaraq şimaldan asılıdır. Siyasi dəyişikliklər, Qərbə yanaşma kursu, xarici təsir isə ticari-iqtisadi əlaqələrə ciddi zərbə vura bilər və nəticədə Ermənistan iqtisadiyyatı məhv ola bilər.

2023-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 7 milyard dollar (Ermənistanın bütün ticarət dövriyyəsinin 35%-i) təşkil edib ki, bu da Moskvanı İrəvanın ən böyük ticarət tərəfdaşına çevirir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə Ermənistanın xarici ticarətinin ümumi həcmi təqribən 20 milyard dollar olub və ölkənin ümumi xarici ticarət dövriyyəsində əsas payı Rusiya tutur.

2023-cü ildə Rusiyaya ixrac 3 milyard dollardan çox olub ki, bu da Rusiya bazarının erməni istehsalçıları üçün kritik əhəmiyyətini vurğulayır. Ermənistan Rusiyaya kənd təsərrüfatı məhsulları, tekstil, qənnadı məmulatları, spirtli içkilər və s. ixrac edir ki, bu da ölkə iqtisadiyyatının saxlanmasında mühüm rol oynayır.

Ötən il Rusiyadan idxal da əhəmiyyətli olaraq qalır və Ermənistanın ümumi idxal həcmindən 4 milyard dollardan artıqdır. İdxalın böyük hissəsi enerji resurslarıdır: təbii qaz və neft məhsulları. Ermənistan tamamilə Rusiya qazından asılıdır və ölkənin enerji təhlükəsizliyinə faktiki olaraq "Qazprom Ermənistan" şirkəti nəzarət edir.

Aİİ-yə üzvlük Ermənistana ümumi gömrük qaydalarına inteqrasiya etməyə və gömrük rüsumlarını istisna etməyə imkan verdi ki, bu da ixracın artımını stimullaşdırır və məhsulların maya dəyərini aşağı salır. Kiçik daxili bazarı olan ölkə üçün bu, iqtisadi artımın əsas mexanizmi sayıla bilər.

İşçi qüvvəsinin sərbəst hərəkəti Aİİ üzvlüyünün daha bir üstünlüyüdür ki, bunun sayəsində erməni əmək miqrantlarının Rusiya əmək bazarına çıxışı sadələşdirilib. İqtisadi qeyri-müəyyənlik şəraitində Rusiyada işləmək imkanı bir çox ailə üçün həyati əhəmiyyət kəsb edir.

Bu obyektiv məlumatlar sübut edir ki, Rusiya ilə iqtisadi əlaqələr təkcə Ermənistanın xarici iqtisadi siyasətinin tərkib hissəsi deyil, onlar uzunmüddətli amildir və onsuz ölkə iqtisadiyyatı tam həcmdə fəaliyyət göstərə bilməz. Bundan başqa, Ermənistan ərazisindəki Rusiya şirkətlərində respublikanın minlərlə vətəndaşı işləyir, eləcə də yüz minlərlə erməni miqrant Rusiyada işləyir, öz vətənlərinə pul göndərir ki, bu da bir çox ailələr üçün mühüm gəlir mənbəyidir.

Eyni zamanda, hökumətin Aİ və ya ABŞ ilə azad ticarət müqavilələri imzalamaqla Qərblə yaxınlaşmaq cəhdlərinə baxmayaraq, ciddi nəticə əldə etmək mümkün deyil. 2018-ci ilə qədər Brüssel İrəvana hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi təklif edirdi, lakin bu, Ermənistanın Aİİ üzvlüyündən əldə etdiyi üstünlükləri kompensasiya etmir.

İrəvanın Qərbdən investisiyalar, texnologiyalar və ya real siyasi dəstək şəklində konkret dəstək gözlədiyi bir vaxtda reallıq, yumşaq desək, məyusedici oldu. İnfrastrukturun inkişafı və ya iri investisiya layihələri ilə bağlı razılaşmalar yalnız kağız üzərində qaldı. Qərb söz verdiyi dəstəyi göstərmədiyi üçün Paşinyan anlayır ki, onun Rusiyadan daha da uzaqlaşmaq cəhdləri iqtisadi və siyasi sabitliyə mənfi təsir göstərə bilər, Qərb isə ancaq boş vədlər verməkdə davam edir. Yəqin ki, baş nazir qismən də olsa xəbərdardır ki, Rusiyadan kəskin şəkildə uzaqlaşmağın sonrakı kursu xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Bu səbəbdən də BRICS və MDB sammitlərində gözlənilən iştirak Paşinyanın Rusiya Federasiyası ilə əlaqələri gücləndirməyə hazır olduğunu göstərir ki, bu da maraqlı dialoq üçün ilkin şərtlər yaradır. İrəvanda isə 1-30 oktyabr tarixlərində "Perspektivlər və prioritetlər" mövzusunda üçüncü Avrasiya İqtisadi Forumunun keçirilməsi də iki ölkə arasında münasibətlərə öz töhfəsini verə bilər.

Paşinyanı Rusiyaya yaxınlaşdıran digər faktor da Zəngəzur dəhlizi ilə bağlıdır. Son günlər rəsmi Tehranla Moskva arasında sözügedən dəhlizlə bağlı danışıqlar, Kremlin öz mövqeyində kəskin dayanması, İranın isə hər zaman olduğu kimi qırmızı xətt, beynəlxalq sərhədlərin dəyişdirilməsinə qarşı olması nağılını yenidən dövriyyəyə buraxması erməni dövlətini tərəddüd içində buraxıb. Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən bu günə qədər hər gün İslam Respublikasının mətbuat orqanları Zəngəzur dəhlizi ilə bağlı onlarla məqalə yayımlayır. Bu isə təbii ki, diqqətdən kənarda qala bilməz. Rəsmi Tehran artıq anlayır ki, Moskva qəti mövqeyini ortaya qoyub və dəhlizin işə salınmasına etiraz etmək hər halda onun əleyhinə çevrilə bilər. Bu səbəbdən İran tərəfi danışıqlar getdiyini bildirsə də, Kreml qəti mövqeyini dəyişdirməyəcəyini açıqlamaları ilə büruzə verir. Belə bir halın yaranması təbii ki, Nikolu da təşvişə salıb və Moskva ilə bağlı xarici siyasət kursunda dəyişiklik etməyi düşünür.

Eyni zamanda qeyd etmək yerinə düşər ki, erməni arxiyepiskop Baqrat Qalstanyanın da sentyabr və payız aylarında İrəvanda planlaşdırdığı aksiyalar da erməni baş naziri təşvişə salır. Moskvanın siyasi dairələrindən gələ biləcək dəstəyi önləmək məqsədi ilə Rusiya ilə münasibətlərdə müsbət impulsların ötürüldüyünü ehtimal etmək olar.

İşin maraqlı tərəfi odur ki, Ermənistan hökuməti başçısının xarici siyasət vektorunda dəyişiklik istəyi Qərbin diqqətindən yayınmayıb. Artıq USAİD hərəkətə keçib və baş nazirin müavini Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistan missiyasının direktoru Con Alelo Ermənistan və ABŞ arasında inkişaf əməkdaşlığı qrant sazişinə düzəliş imzalayıblar. Bununla da amerikalı qurum erməni dövlətinə ayırdığı yardımı 120 milyondan 250 milyon dollara qədər artırıb. Ümumiyyətlə, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra, yəni Nikol Paşinyanın baş nazirliyi dövründə USAİD-in Ermənistandakı fəaliyyəti artıb, maliyyə vəsaiti artıb. Bu, əslində Rusiya-ABŞ arasındakı soyuq müharibə konyukturasında Amerika siyasətinin bir hissəsidir və açıq şəkildə hakim partiyanın anti-Rusiya xarici siyasət istiqamətini dəstəkləmək və əhəmiyyətli dərəcədə artırmaq məqsədilə həyata keçirilir. Xatırlamaq lazımdır ki, USAID ABŞ xüsusi xidmət orqanlarının "yumşaq gücü"dür və həmin təşkilat müxtəlif ölkələrdə kəşfiyyat şəbəkələri və təsir agentləri yaratmaqla məşğuldur. Hazırda isə erməni dövlətində bu qurumun dəstəyi ilə Rusiyadan qopma siyasətini həyata keçirəcək və Qərbin maraqları üçün lobbiçiliklə məşğul olacaq QHT-lər şəbəkəsi formalaşdırılır. QHT-lərin sayı isə yüzlərlədir. Bu şəbəkə ölkədə ətraf mühit, informasiya texnologiyaları, biznes, media və bir çox digər sahələrdə müxtəlif proqramlar həyata keçirir ki, bunlara iqtisadi və vətəndaş cəmiyyətinin və sektorlarının bir çox təbəqələri daxildir. Əminliklə söyləmək olar ki, USAİD Ermənistanda təsirli faktora, Amerikanın geosiyasi maraqlarını qoruyan kölgə hökumətinə çevrilməkdədir.

Yuxarıda sadalanan faktlardan göründüyü kimi, Ermənistan artıq çıxılmaz dalandadır və xarici siyasət vektoruna edilən ciddi dəyişiklik ölkəni xaosa sürükləyə bilər. Əgər Paşinyan Qərbə inteqrasiyanı daha da sürətləndirsə, Moskvanın qəzəbinə tuş gələ bilər, bu da iqtisadiyyatın məhvi ilə nəticələnəcək. Yox əgər üzünü şimala tutsa, bu dəfə Samanta xala, Sem dayı və digər Qərb ağaları qəzəblənəcək və bu qəzəb Nikolun hakimiyyətdən uzaqlaşdırılması, hətta həbsi ilə də nəticələnə bilər. Qısacası, artıq Nikol Paşinyan çıxılmaz vəziyyətdə qalıb və hansı istiqamətə üz tutacağını bilmir.

"Report" İnformasiya Agentliyi

Chosen
119
50
hakimiyyet.az

10Sources