EN

AZƏRBAYCAN MƏKTƏBLİLƏRİ YENİ TƏDRİS İLİNƏ BAŞLADI

Bu gün Bakının, Azərbaycanın, o cümlədən 2024-2025-ci tədris ilində Şuşa, Xocalı, Xankəndi şəhərlərində, Laçının Sus kənd orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb.

Tezadlar.az Təhsil Nazirliyinə istinadla bildirir ki, yeni tədris ilində təkcə işğaldan azad olunan ərazilərdəki məktəblərdə 1 410 şagird təhsil alır. Ümumilikdə Azərbaycanda 133 mindən artıq şagird birinci sinfə gedir. Bu il ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub. Eləcə də yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib. Ümumilikdə 83 məktəbin tikintisi davam edir, 37 məktəbin layihələndirilməsi həyata keçirilib, 670-dən artıq məktəb təmir edilib.

Qeyd edək ki, yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub. Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Bu məktəblərin I sinfində 46 min 98, IX sinfində 44 min 233, X sinfində 35 min 757 , XI sinfində 32 min 260, XII sinfində 156 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 45 min 201 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 min 216 beşyaşlı cəlb olunub.

2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 29 min 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 830 tərbiyəçi-müəllim çalışacaq. BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir.

Yeni tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır. Cari ildə Bərdə rayonu Nazim Hüseynov adına Alpoud kənd tam orta məktəbinin, Qubada Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin, Ucarda Əziz Əliyev adına Qazyan kənd 2 nömrəli tam orta məktəbinin, Masallı rayonunda Qəzvinoba kənd ümumi orta məktəbinin yeni binalarının açılışları olub.

Yeni dərs ilimiz uğurlu olsun! 

Chosen
119
30
tezadlar.az

10Sources