Müəllif:Ayşən İmanova/Banco.az
Hindistanın tənzimləyici orqanları Amerikanın “Amazon” və Hindistanın “Flipkart” şirkətlərini antiinhisar qanunlarını pozmaqda ittiham edib.
Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hindistan Rəqabət Komissiyasının (CCI) antiinhisar araşdırması “Amazon” və “Flipkart”ın seçilmiş satıcılara üstünlük verərək yerli rəqabət qanunlarını pozduğunu müəyyən edib. Onlar məhsulların qiymətlərini kəskin şəkildə aşağı salmaqla müəyyən satıcılara üstünlük verib və digər şirkətlərə ziyan vurub.
Komissiyanın baş direktoru Şiva Prasadın sözlərinə görə, bu, təkcə azad və ədalətli rəqabətə deyil, həm də istehlakçıların maraqlarına ziddir.
CCI hesabatında həmçinin “Samsung”, “Xiaomi”, “Motorola”, “Realme” və “OnePlus”un Hindistan bölmələrinin rəqabət qanununu pozaraq “Amazon” və onun törəmə şirkətləri ilə "sövdələşmə" yolu ilə telefon satışına başladığı bildirilib. Oxşar ittihamlar “Flipkart”a qarşı da irəli sürülüb. Bu saytla bağlı hesabata “Samsung”, “Xiaomi”, “Motorola”, “Vivo”, “Lenovo” və “Realme” daxildir.