“Yetərincə nikbin əhval-ruhiyyədəyəm. Düşünürəm ki, hər şey qaydasında olacaq. Konkret hansı gün olacağını bilmirəm, ancaq hər şey müsbət axarda gedir. Danışıqlar prosesi çətin keçmir”.
Xatırladaq ki, bir neçə gün əvvəl “The Athletic”in əməkdaşı Rob Rossi Krosbinin “pinqvinlər”lə üçillik, hər il üçün 10 milyon dollar əməkhaqqı nəzərdə tutan yeni müqavilə imzalamağa yaxın olduğunu bildirmişdi. “Pittsburq” adı çəkilən forvardı 2005-ci il draftında, 1 nömrə altında seçib. Krosbi bu komanda ilə üç dəfə Stenli kubokunun qalibi olub. 37 yaşlı kanadalı ötən mövsüm müntəzəm çempionatda keçirdiyi 82 oyunda 94 (42+52) xal toplayıb. Krosbinin indiki müqaviləsinin müddəti 2024/25 mövsümünün sonunda bitəcək. Müqavilə şərtinə görə hokkeyçi ildə 8,7 milyon dollar alır.
Müasir MHL-in simasını müəyyənləşdirən daha bir hokkeyçi ilə bağlı yeni xəbər var. “Edmonton”un forvardı Konnor Makdevid klubla müqavilə müddətinin uzadılmasının mümkünlüyü haqda fikirlərini bölüşüb: “Aydın məsələdi ki, müqavilə müddətini uzatmağa “Edmonton”a, azarkeşlərə, komanda yoldaşlarıma sadiqliyim, həmçinin qələbə iradəm və qalib gəlmək arzum təsir göstərəcək. Bütün bunlarla yanaşı, hokkeylə ailə arasında balansı qorumaq lazımdı, mənə yaxın adamların işlərinin qaydasında olduğunu görməliyəm. Düşünürəm ki, müqavilə müddətini uzatmaqla bağlı qərarıma bir çox amil təsir göstərəcək”.
27 yaşlı kanadalının “Edmonton”la müqaviləsinin müddəti 2024/25 mövsümünün sonunda bitəcək. İndi qüvvədə olan müqaviləyə görə forvard ildə 12,5 milyon dollar alır.