EN

“Vəkildən tələbəyə” layihəsinə start verilib

“Vəkildən

Bakı, 16 sentyabr, AZƏRTAC

Vəkillər Kollegiyası “Vəkildən tələbəyə” layihəsinə start verib. Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun uğurlu layihələrindən hesab olunan “Vəkildən tələbəyə” layihəsi vəkillərin müvafiq sahələrdəki təcrübələrinin tələbələrə ötürülməsinə şərait yaradacaq. Belə ki, layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrin hüququn müxtəlif sahələrinə uyğun bilik və təcrübələrə yiyələnmələri, onların vəkillik fəaliyyəti ilə, eyni zamanda, Vəkillər Kollegiyasının beynəlxalq və milli sferadakı fəaliyyəti, peşəkar hüquqi yardımın göstərilməsində müxtəlif təşkilatlarla əlaqələrin qurulması prosesi ilə tanış olmalarından ibarətdir.

Layihə sayəsində, xüsusən Vəkillər Kollegiyasının iş prinsipi ilə ətraflı tanış olan tələbələr həm də mövcud məhkəmə praktikası üzrə lazımi biliklərə, eyni zamanda, müvafiq praktiki məlumatlara yiyələnəcəklər. Bu layihənin onların gələcək peşə fəaliyyətlərini müəyyən etmələrində xüsusi rolu olacaq.

Bununla belə, layihə istiqamətində müxtəlif aktual mövzulara dair uzunmüddətli təlimlərin təşkili Akademiyanın qarşısında duran əsas vəzifələrdəndir. Layihə üzrə təşkil olunması planlaşdırılan təlimlərə təcrübəli hüquqşünaslar, o cümlədən professorlar, hakimlər və vəkillər cəlb ediləcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası ilə ölkədəki Hüquq fakültələri olan bütün universitetlər arasında Memorandum imzalanıb. Memorandum çərçivəsində universitetlərlə birgə konfranslar, seminarlar təşkil edilir, həmçinin hüquqşünas tələbələr vəkil bürolarında istehsalat təcrübəsi keçirlər.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
11
azertag.az

10Sources