"Keçmiş liderlər əhalini münaqişənin "tarixi tsikli”nə sürükləyiblər”
Sentyabrın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra etiraflar edib və buna görə erməni xalqından üzr istəyib.
Bu barədə Paşinyan "Facebook”da yazıb.
O qeyd edib ki, sələfləri kimi o da qonşu ölkələrlə davam edən münaqişəni əbədiləşdirərək milləti yanıldıb və buna görə erməni xalqından açıq şəkildə üzr istəyib.
Onun sözlərinə görə, "əsl Ermənistan” 2020-ci ildə Azərbaycanla müharibədə Ermənistanın məğlubiyyətindən sonra başlayıb: "Xalqımız əsl Ermənistanın xeyrinə öz seçimini çoxdan edib. Ölkənin gələcəyi onun vətəndaşlarının rifahını beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində təmin etməkdən ibarət olmalıdır, geniş ərazisi olan "Tarixi Ermənistan” idealına can atmaqdan yox”.
Baş nazir daha sonra etiraf edib ki, keçmiş liderlər əhalini münaqişənin "tarixi tsikli”nə sürükləyiblər: "Mən də bunun davam etdirilməsindəki roluma görə məsuliyyət daşıyıram. Müxtəlif dövrlərdə hökmranlıq edən bizlər xalqı dinləmədik, nəticədə xalqımızı "tarixi tsikl”də yaşamağa məcbur etdik. Məhz bu səbəbdən biz xalqımızdan üzr istəməliyik və mən öz tərəfimdən üzr istəyirəm”.
Nikol Paşinyan 2018-ci ildən Ermənistanın Baş naziri vəzifəsindədir.
2018-ci ilin mayın 8-də Nikol Paşinyan parlamentdə səsvermə nəticəsində Ermənistanın Baş naziri vəzifəsinə seçilib.
O, 2021-ci ilin iyununda keçirilən parlament seçkilərində qalib gəlib.