EN

Pandemiya olacağını deyən həkimi rüsvay edən faktlar - Fuad İslamzadənin yazısı

Azərbaycan Tibb Jurnalının baş redaktor müavini, tanınmış tibb işçisi Fuad İslamzadə Meymunçiçəyi ilə bağlı yaranmış şayiələrə, xüsusən bu barədə təşviş yaradan açıqlamalarla çıxış edən psixiatr həkim, müstəqil tibbi ekspert Abdulla Şıxlinskiyə sərt cavab verib.

Həmin yazını təqdim edirik:

Qəribə bir vəziyyətlə qarşılaşmışıq. Dünyanın harasında istər cəmiyyətdə, istərsə də elm və texnika sahəsində bir yenilik və ya bir qeyri-adi hadisə haqqında xəbər çıxırsa, müvafiq sahənin diletantları peşəkarlardan qabağa düşüb şayiələr yaymağa başlayırlar. Aşağıdakı məqaləni də bu baxımdan istisna etmək olmaz. Xarici ölkələrdə meymunçiçəyi adlanan xəstəlik yayıldığı haqda xəbərlər gəldiyi yəqin çoxlarına məlumdur. Gözləmək olardı ki, bu xəstəliyin ölkəmizə də yayılma ehtimalı olduğuna görə mətbuatda infeksionistlər, mikrobioloqlar,virusoloülar və epidemioloqlar çıxış edib, əhalini profilaktika tədbirlərinə dair məlumatlarla maarifləndirəcəklər. Ancaq bunun əvəzinə COVİD-19 pandemiyasinin qızğın dövründə olduğu kimi, mətbuatın ruporu diletantların əlinə keçib. Aşağıda paylaşdığım məqalə də bu fikirlərimə sübutdur.Peşəkar psixiatrlarımız məndən inciməsin. Mən əslində infeksionistlərin də psixiatriya problemlərdən ağız dolusu danışmağını məqbul hesab etmirəm. Tibb elmi elə bir sahə deyil ki, bir insan onun bütün problemləri haqqında peşəkarcasına fikir yürüdə bilsin.
Aşağıdakı məqalədə fikrini bildirilən həkim-psixiatr A.Şıxlinski COVİD-19 pandemiyasinin başlanğıc dövründə mətbuatda yaydığı təzadlı fikirləri indi də eynilə meymunçiçəyi xəstəliyi haqqında irəli sürür. Diqqətlə fikir versəniz, kiçicik bir yazıda doktor A.Şıxlinskinin bir-birini təkzib edən 3 iddiasını görə bilərsiniz:

1. Meymunçiçəyi xəstəliyi və bu xəstəliyin törədicisi olan virus yoxdur, xəstəlik əslində təbabətə çoxdan məlum olan kəmərləyici dəmrovdur;
2. Meymunçiçəyi virusunu Amerikada laboratoriya şəraitində yaradıb ətrafa yayıblar;
3. Meymunçiçəyi adlanan xəstəliyi əslində təyyarələrlə ətrafa berillium ftorid və azot dioksidi səpməklə yaradırlar(Abdulla bəyin fikrincə guya bu maddələr insanda meymunçiçəyi xəstəliyinin əlamətlərini yaradır).
Gəlin, bu müddəaları bir qədər təhlil edək: xəstəliyin törədicisi virus deyilsə,bəs onda Amerikada "yaradılan" nədir? Əgər həttabu virus yaradılıb ətrafa yayılırsa,təyyarə ilə ətraf mühitə kimyəvi maddələr səpmək kimə və nəyə görə gərək olub?

Fotoda: Abdulla Şıxlinski

Əlavə olaraq onu da deyim ki, Abdulla bəyinberillium ftorid adlandırdığı maddə əslində, Azərbaycan dilində berillium flüorid adlanır və bu maddə ilə zəhərlənmə dəri səpgisi torətmir, kanserogen xassəli maddə olan berillium-flüorid kəskin zəhərlənmə zamanı ağciyərim iltihabına,üzün müddət təsir etdikdə isə xərçənginə səbəb olur. Azot dioksidi isə qaz halında maddə olduğundan onu təyyarədənlokal bir sahəyə səpmək müşkül məsələdir və onunla zəhərlənmə yuxarı tənəffüs yollarında kataral iltihab törədir. Beləliklə, bu maddələr meymunçiçəyinə aid edilən xəstəlik əlamətləri törətmir.
Yuxarıda qeyd etdiyim kimi, cənab A.Şıxlinski vaxtilə mətbuatda etdiyi çıxışlarda eyni fikirləri COVİD-19 infeksiyası haqqında da söyləyirdi.Üstəilik, Abdulla bəy 2021-ci ildə COVİD-19-un yaranması haqqında daha bir absurd ideyanı da qızğın müdafiə edirdi: guya, adı çəkilən xəstəliyi 5G internet dalğaları yaradırmş. Bu cəfəng versiyanı Azərbaycan mətbuatında ilk dəfə bir jurnalist danışmışdı. Həmin adam öz internet televiziyasında belə bir sərsəm ideyanı xalqın beyninə yeritməyə çalışırdı: "5G internet havadan oksigenin əmir, onu virusa çevirib, vətəndaşların mənzillərinə göndərir".

Razılaşın ki, belə sərsəm fikri biologiya bə təbabət sahəsində heç bir təsəvvürü olmayan adam irəli sürərsə, sadəcə bir az gülüb unutmaq olardı. Ancaq virusun əsas təsiredici amili olan nukleoproteinlər haqqında belə danışığı bir həkimdən eşitdikdə heyrətlənməmək mümkün deyil. Çünki nukleoproteinlər onu necə bir mürəkkəb tərkibə malik olduğu və tərkibinin tək oksigendən ibarət olmadığı haqdatibb təhsili sistemində dəfələrlə məlumat verilir və bu haqda ali tibb təhsili müəssisəsinə daxil olmaq üçün verilən biologiya imtahanına hazırlaşanlar da kifayət qədər məlumata malik olmalıdırlar.
A. Şıxlinski 2023-cü ilin əvvəllərində mətbuata verdiyi müsahibələrindən birində insanları umidsizliyə düçar edə biləcək bir fərziyyə də söyləmişdi. O vaxt dediyindən belə çıxırdı ki, COVİD-19virusuinsanları məhv edib Dünya əhalisinin sayını 8 milyard nəfərdən 1 milyard nəfərə endirmək məqsədilə yaradılıb. O vaxt mənxəbər portalında— müsahibənin şərh bölümündə yazmışdım ki,illik doğum və ölüm sayına əsasən hesablama aparmaqla, bu fikrin yanlış olduğunu asanlıqla sübut etmək olar. Abdulla bəyin küyünə uyan 2 nəfər mənim şərhimə cavab olaraq, ünvanıma öz dünyagörüşlərinəvə tərbiyələrinə uyğun kobud sözlər işlətmişdi. Demək bəzi insanlarıinandırmaq üçünən ağlasığmaz yalan da kifayət edirmiş. Buradaca qeyd edirəm ki, CoVid pandemiyasinin tüğyan etdiyi dövrdə —2020-ci ildə bizim ölkədə əhalinin hər 1000 nəfərinə 7,5 ölüm halı qeydə alınmış, doğum hallarının sayı isə 1000 nəfərə 11,7 olmuşdur; 2021-ci ildə ölüm göstəricisi 7,7 olduğu halda, doğum halları hər min nəfərə 11,2, eyni göstəricilər 2022-ci ildə müvafiq surətdə 6 və 12,2 olmuşdur. Bu rəqəmlər yalnız Azərbaycana aid olsa da, bütün Dünyada da əhalinin CoVid-19 pandemiyasi nəticəsində səkkiz dəfə azala biləcəyi haqqında iddianın sayıqlama olduğunu sübut edir.

Yuxarıda şərh etdiklərimi nəzərə aldıqda ortaya belə suallar çixir:
— Görəsən, cənab A. Şıxlinski özü son bir neçə ildə mətbuata verdiyi müsahibələrdə irəli sürdüyü fikirlərdən hansına inanır? Ümumiyyətlə, bu adam öz danışdıqlarına özü inanırmi? Bundan əvvəlki pandemiya haqqında danışdıqlarının yanlış olduğunu gördüyü halda, onun eyni fikirləri meymunçiçəyi xəstəliyinə aid edib, əhalidə vahimə yaratmaqda məqsədi nədir?
Abdulla bəy indi olduğu kimi, əvvəlki pandemiya dövründə dəfikirlərində rus alimlərinə istinad edirdi. Ancaq indikindən fərqli olaraq o vaxt öz kumiri olan rus müəlliflərin adlarını da çəkmişdi. O vaxt mən google axtarış sistemi vasitəsilə həmin adamların kimliyi ilə maraqlandım. Məlum oldu ki, istinad edilən dörd nəfər irəli sürdükləri cəfəng fikirləri görə Rusiya elmi cameəsində"kovid-didsident" adı almış adamlardır. Onlardan "KOVİD-19 uydurmadır, belə xəstəlik yoxdur və ondan qorunmaq da lazım deyil" iddiası ilə çıxış edən biri elə bu xəstəlikdən vəfat edib, biri də Rusiyada koronarvirusa qarşı peyvənd kampaniyası başlayan kimi qaçıb özünü vaksinasiya etdirib.

Bütün bunları yazmaqda məqsədim odur ki, vətəndaşlarımız mətbuatda rast gəldikləri məlumatlara bir qədər fərqli yanaşsınlar. Yaxşı olar ki, mətbuatımızın rəhbərləri də əhaliyə tibbə dair hər hansı bir məlumat verərkən ehtiyatlı olsunlar. Bilirəm, mənə deyən tapılacaq ki, müasir dövrdə hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Ancaq razılaşın ki, bu müddəa əhalinin sağlamlığına ziyan vura biləcək məsələlərə aid edilməməlidir.

Sözügedən məqalə ilə bu linkdən tanış ola bilərsiz: https://www.medicina.az/meymunciceyi-dedikleri-xestelik-eslinde-hekimden-yeni-tehluke-xeberdarligi


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
1
medicina.az

2Sources