EN

Gələcəkdən xəbər verən, ilk dəfə «Böyük qardaş», «Soyuq müharibə» terminlərindən istifadə edən məşhur yazıçı — Corc Oruell — «Artsizm»

Dünya ədəbiyyatının, mədəniyyətinin tanınmış nümayəndələrinin həyat və yaradıcılığı, bilinməyən faktlar və təzadlı prinsipləri özündə ehtiva edən yaşam fəlsəfələri ilə oxucuların diqqətini çəkəcək «Artsizm» layihəsinin növbəti portreti məşhur yazıçı Corc Oruelldir.



XX əsr ingilis ədəbiyyatının ən parlaq nümayəndələrindən biri, əsl adı Erik Artur Bleyer olan Corc Oruell 1903-cü ildə Hindistanın Motixari şəhərində anadan olub. Hindistan o zaman Britaniya İmperiyasının koloniyası idi. Erikin atası tiryək istehsalına və saxlanmasına nəzarət edən şöbədə məmur vəzifəsində çalışırdı. Gələcək yazıçının tərcümeyi-halında anası ilə bağlı olduqca az məlumat verilib. Müasirlərinin dediyinə görə, yazıçı avtoritar ailədə böyüyüb: uşaq ikən o, kasıb bir ailədən olan bir qıza rəğbət bəsləyirmiş, lakin Oruellin anası onların ünsiyyətini sərt şəkildə qadağan edib, yazıçı buna görə anasına etiraz etməsə də, uzun müddət bu hadisənin təsirindən çıxa bilməyib.



Corc Oruell səkkiz yaşında oğlanlar üçün ingilis dili məktəbinə daxil olur və 13 yaşına qədər orada oxuyur. 14 yaşında şəxsi təqaüd qazanan Oruell bunun sayəsində oğlanlar üçün özəl Britaniya məktəbinə — Eton Kollecinə daxil olur. Məktəbi bitirdikdən sonra Erik Artur Myanma (keçmiş Birma) polisinə qoşulur və polis məmuru kimi fəaliyyət göstərməyə başlayır. Müasir cəmiyyətin siyasi sistemindən məyus olan Oruell Avropaya gedir və burada aşağı ixtisaslı işlərdə çalışır, maddi ehtiyac içində yaşamağa başlayır. Daha sonra yazıçı həyatının bu mərhələsini əsərlərində böyük ustalıqla əks etdirəcəkdi…



Ədəbi istedadını kəşf edən Oruell Parisə köçür və esse, məqalə, hekayələr yazmağa başlayır. Tezliklə Avropada yaşayarkən, keçirdiyi sərgüzəştləri təsvir etdiyi «Paris və Londonda qara qəpiksiz» adlı ilk hekayəsi nəşr olunur. Böyük Britaniyada yazıçı səfil həyatı yaşayırdı, Fransada isə Paris restoranlarında qab yumaqla qazanc əldə edirdi. Yazıçının kitabı ilk variantda «Qabyuyanın gündəliyi» adlanırdı və müəllifin Fransadakı həyatını təsvir edirdi. Lakin yazıçının təklifi nəşriyyat tərəfindən rədd edildi, bundan sonra o, kitaba London sərgüzəştlərini əlavə etdi və başqa nəşriyyata üz tutdu və burada yenidən imtina ilə üzləşdi. Yalnız üçüncü cəhddə publisist və naşir Viktor Qollanç yazıçının işini yüksək qiymətləndirdi və əlyazmanı çapa qəbul etdi. 1933-cü ildə hekayə nəşr olundu və bu o zamanlar naməlum imza olan Corc Oruellin ilk əsəri oldu. Müəllifin gözləmədiyi bir hal yaşandı. Belə ki,  tənqidçilər onun işinə müsbət reaksiya verdilər, lakin oxucular kitabın onsuz da məhdud olan nəşrini almağa tələsmirdilər.



Oruell yaradıcılığının tədqiqatçısı V.Nedoşivin qeyd edirdi ki, sosial sistemdən məyus olan Oruell Qraf Tolstoydan nümunə götürərək şəxsi üsyan qaldırdı. 1933-cü ildə isə yazıçının özü müasir dünyada özünü qərib kimi hiss etdiyini söyləyirdi. Yaralandıqdan sonra İspaniyadan İngiltərəyə qayıdan Oruell sosializmin inkişafına dəstək verən Müstəqil İşçi Partiyasının sıralarına qoşulur. Eyni zamanda yazıçının dünyagörüşündə Stalinist totalitar rejimin kəskin tənqidi yer alırdı. Həmçinin Corc ikinci əsərini — «Birma günləri» romanını çapa göndərərək, yaradıcılığında yeni səhifə açmış oldu. Bu əsər ilk dəfə ABŞ-da nəşr olundu. Əsər həm də müəllifin həyatının müəyyən dövrünü, xüsusən də, polis idarəsində xidmətini əks etdirirdi. Müəllif bu mövzunu «Edam» və  «Fili necə vurdum» hekayələrində davam etdirib. Oruell «Kataloniyaya məhəbbətlə» adlı az tanınan hekayəsində İspaniyadakı hərbi əməliyyatlarda marksist partiyanın sıralarında iştirakını təsvir edib.



İkinci Dünya müharibəsi başa çatdıqdan və Avropa nasistlərdən azad edildikdən sonra Oruell «Heyvan ferması» siyasi satirasını yazdı. Corcun yaradıcılığının tədqiqatçıları hekayənin əsasını iki cür nəzərdən keçirirlər. Bir tərəfdən, müəllifin dünyagörüşünü nəzərə alan ədəbiyyatşünaslar iddia edirlər ki, «Heyvan ferması» Rusiyada 1917-ci il inqilabı hadisələrini və ondan sonrakı hadisələri ifşa edir. Hekayə inqilab zamanı hakim elitanın ideologiyasının necə dəyişdiyini parlaq və alleqorik şəkildə təsvir edir.



Digər tərəfdən, İkinci Dünya müharibəsində Sovetlər qələbə çaldıqdan sonra Oruellin siyasi baxışları bir sıra dəyişikliklərə məruz qaldı və hekayə Böyük Britaniyada baş verənləri əks etdirə bilər. Tənqidçilər və tədqiqatçılar arasında fikir ayrılıqlarına baxmayaraq, hekayə Sovet İttifaqında yalnız yenidənqurma dövründə nəşr olundu.



«Heyvan ferması»nın süjeti yazıçının vaxtilə şahidi olduğu situasiya üzərində qurulmuşdu. İngilis kəndində Corc çubuqla at sürən bir oğlan görür. Onda Oruellin ağlına ilk olaraq belə bir fikir gəldi ki, heyvanlar şüurlu olsaydı, onlar çoxdan daha zəif olan insanın zülmündən xilas olardılar.



Beş il sonra Corc Oruell ona dünya şöhrəti gətirən bir roman yazdı. Bu distopiya üslubunda yazılmış kitabdır. Bu janr daha əvvəl, Aldous Huxleynin «Cəsur yeni dünya» romanının nəşrindən sonra dəb halına gəldi. Bununla belə, Huxley 26-cı əsrdə baş verən hadisələri təsvir edərək çox irəli gedirdisə və diqqəti cəmiyyətin kasteizmi və istehlak kultu üzərində cəmləşdirirdisə, Oruell totalitar rejimin təsviri üzərində daha ətraflı dayanır — bu mövzu da yazıçını maraqlandıran bir mövzudur.



Bir sıra ədəbiyyatşünaslar və tənqidçilər Corc Orueli sovet yazıçısı Zamyatinin «Biz» romanında əksini tapan fikirləri plagiat etməkdə günahlandırır, Corcun essesi isə Zamyatinin ideyaları əsasında öz əsərini yazmaq planlarından xəbər verir. Oruelin ölümündən sonra roman əsasında eyniadlı iki film çəkildi.



Məşhur «Böyük Qardaş səni izləyir» ifadəsi məhz Oruellin qələmindən çıxıb. «Böyük Qardaş» ifadəsini işlədən Oruell «1984» romanında gələcəyin totalitar rejiminin liderini nəzərdə tuturdu.



Müəllifin romanını niyə «1984» adlandırdığı məlum deyil. Bəzi tənqidçilər israr edirlər ki, müəllif sosial sistemdə qlobal dəyişikliklər baş verməsə, 1984-cü ilə qədər cəmiyyətin romanda təsvir olunan formaya sahib olacağına inanırdı. Bununla belə, hamı tərəfindən qəbul edilən versiya odur ki, romanın adı yazıldığı ili — 1948-ci ili əks etdirir, lakin sonuncu rəqəmlər yerini dəyişərək əks olunub.



Romanda təsvir olunan cəmiyyətin SSRİ rejiminə alleqorik eyham vurması, kitabın Sovet İttifaqı ərazisində qadağan edilməsi, yazıçının özünün isə ideoloji təxribatda günahlandırılması ilə nəticələnir. 1984-cü ildə isə SSRİ yenidənqurma kursunu təyin edəndə Oruelin əsəri yenidən işlənir və imperializm ideologiyasına qarşı mübarizə kimi oxuculara təqdim edilir.



Həyatda sabitliyin tam olmamasına baxmayaraq, Oruell öz xoşbəxtliyini tapmağı və şəxsi həyatını qurmağı bacarır. 1936-cı ildə yazıçı Eileen O’Shaughnessy ilə evlənir. Cütlüyün övladı olmur, lakin Riçard Horatio adlı bir oğlan uşağını övladlığa götürürlər.



Yeni evlənən cütlük altı ay sonra İkinci İspaniya Respublikası ilə faşist İtaliya hökuməti tərəfindən dəstəklənən F.Frankonun müxalif hərbi-millətçi diktaturası arasında silahlı münaqişədə iştirak etmək qərarına gəlirlər. Altı ay sonra yazıçı ağır yaralanır, nəticədə xəstəxanaya yerləşdirilir. Oruell bir daha cəbhəyə qayıtmır. Corcun arvadı 1945-ci ildə qəflətən ölür. Yeganə sevgilisini itirməsi yazıçını çox məyus edir, üstəlik, özünün də səhhətində problemlər yaranır. Onu təqib edən bədbəxtliklər nəticəsində Corc təqaüdə çıxır və kiçik bir adaya üz tutur, fikrini uzun illərdir düşündüyü bir roman yaratmağa cəmləyir.



«1984» adlı distopik romanında dəyişikliklər edərkən, Corc sağlamlığının kəskin pisləşməsinə istinad etdi. 1948-ci ilin yayında yazıçı Şotlandiyanın uzaq bir adasına getdi və orada əsər üzərində işi bitirməyi planlaşdırdı. Oruellin mütərəqqi vərəm xəstəliyinə görə işləməsi hər gün getdikcə çətinləşirdi. Londona qayıdan Corc Oruell 21 yanvar 1950-ci ildə vəfat etdi.



UNESCO-nun qərarı ilə 1984-cü il yazıçının xatirəsinə ehtiram olaraq «Corc Oruell ili» elan edilmişdir.



Hazırladı: Tural CƏFƏRLİ

Chosen
19
ictimaimedia.az

1Sources