Sentyabrın 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclası açılıb.Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, iclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət və “TDT-nin Enerji Əməkdaşlığı üzrə Programı (2023-2027)” ilə bağlı müzakirələr aparılır.Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib ki, təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi ötən il 9 milyard dolları ötüb, bu ölkələr Azərbaycan iqtisadiyyatına 18,2 milyard dollar, Azərbaycan isə bu dövlətlərə 20,3 milyard dollar investisiya qoyub.Nazir enerji sahəsində əməkdaşlığı türk dövlətləri arasında "əlaqələrin strateji sütunu" kimi dəyərləndirib.“Azərbaycan - Türkiyə enerji birliyinin BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir. Ötən il və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarları 41 milyon ton neft və 37 milyard kubmetr qazla təchiz olunub. Bu il 25 milyard gözlənilən qaz ixracımızın 9,8 milyard kubmetrinin Türkiyəyə, 12,5 milyard kubmetrinin isə Avropaya tədarükü nəzərdə tutulur”, o qeyd edib.Nazir deyib ki, Bakı-Tbilisi-Ceyhanla indiyə kimi 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcmlərin mərhələli artırılmasına dair razılaşma Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında birləşdirici roluna bir sübutdur.Onun fikrincə, Türk dövlətləri ilə enerji əməkdaşlığı nəinki yüksələn xətt üzrə inkişaf edir, eyni zamanda regional əhəmiyyətli yeni layihə və təşəbbüslərin reallaşmasına impulslar verir.“Bu kontekstdə “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Qazaxıstan-Özbəkistan” və Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri layihələri türk dövlətlərini Avrasiyada təmiz enerji təchizatında və enerji keçidində mühüm rol oynayan ölkələrə çevirəcəkdir. Ölkələrimizin zəngin enerji potensialını və elektrik enerji sistemlərini əlaqələndirməkdən əlavə Azərbaycan və Türkiyə üzərindən Avropaya ixracı təmin etməklə bu dəhlizlər vahid “yaşıl enerji platforması” olmağa iddialıdır”, nazir əlavə edib.Onun fikrincə, “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in yaxın vaxtlarda imzalanması planlaşdırılır, Qırğızıstanla bərpa olunan enerji sahəsində əməkdaşlıq da gündəmdədir.Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi dövlətlərdir.
Facebook-da paylaş