Gürcüstan parlamenti LGBT təbliğatını və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanun layihəsini son oxunuşda təsdiqləyib. Bundan əvvəl Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanunvericiliyə dəyişikliklər paketini birinci oxunuşda dəstəkləmişdi.
"Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” əsas qanun layihəsini 78 deputatdan 50-i səs verib. Deputatlar paketdə nəzərdə tutulan müxtəlif qanunlara dəyişiklikləri də dəstəkləyiblər. Müxalifətin əsas hissəsi qanun layihəsinin baxılmasında və səsvermədə iştirak etməyərək iclası boykot edib.
Dəyişikliklər həmçinin qadın və kişi nikahından başqa hər hansı nikahın qeydiyyata alınmasına, homoseksual cütlüklər tərəfindən yetkinlik yaşına çatmayanların övladlığa götürülməsinə qadağa qoyulmasını nəzərdə tutur.
Cinsiyyət dəyişdirmə əməliyyatına da qadağa tətbiq edilib. Buna görə 1 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Təhsil müəssisələrində LGBT təbliğatına görə, fiziki şəxslər 1,5 min lari (təxminən 532 dollar), hüquqi şəxslər 4 min lari (1,4 min dollardan çox) məbləğində cərimələnəcək. Yayımçılara eyni cinsdən olan intim səhnələri və ya oxşar məzmunlu reklamları yayımlamaq qadağan edilib.
LGBT mövzusunu ehtiva edən reklamın yayılmasına görə, fiziki şəxs 800 lari (təxminən 284 dollar), hüquqi şəxs 2,5 min lari (təxminən 886 dollar) məbləğində cərimələnəcək.
Yetkinlik yaşına çatmayanlar arasında cinsiyyətinin dəyişdirilməsi və ya homoseksual münasibətlər haqqında materialların yayılması fiziki şəxslər üçün 1 min lari (təxminən 355 dollar), hüquqi şəxslər üçün 3 min lari (1 min dollardan çox) məbləğində cərimə ilə nəticələnəəcək.
LGBT problemlərini təbliğ etmək məqsədi daşıyan ictimai toplantılar və nümayişlər də qadağan ediləcək.
Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, cərimə ilə nəticələnən pozuntular iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə də cəzalandırılır.
N.Təbrizli
www.anews.az